ABŞ alimlərinin kitabı Azərbaycan dilində çapa hazırlanıb

ABŞ alimlərinin kitabı Azərbaycan dilində çapa hazırlanıb

ABŞ-ın Kenneso Dövlət Universitetinin Kibertəhlükəsizlik İşçi Qüvvəsinin İnkişafı İnstitutunun tanınmış alimləri Maykl Vitman və Herbert Mattordun həmmüəllifi olduqları “İnformasiya təhlükəsizliyi prinsipləri” (“Principles of Information Security”) kitabı Azərbaycan dilində nəşr olunacaq.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev institutun Elmi şurasının iclasında bu barədə məlumat verib. Alim bildirib ki, kitabın ingilis dilində 7-ci nəşri 2022-ci ildə “Cengage Learning” nəşriyyatı tərəfindən işıq üzü görüb. Əsər “Cengage Learning” nəşriyyatının orijinalı əsasında “TEAS Press” nəşriyyat evində Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanıb. Bu nəşrin Azərbaycan dilinə tərcüməsi və nəşri BP şirkətinin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin göstəricisidir. Kitab müvafiq sahədə ixtisaslaşan müəllimlər və mütəxəssislər üçün nəzərdə tutulub. Əsər Azərbaycan dilinə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqovun iştirakı ilə tərcümə edilib.

Sonra texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov çıxış edərək qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən olan informasiya təhlükəsizliyinə həsr olunmuş kitabın Azərbaycan dilində nəşrinin üç il davam edən gərgin əməyin nəticəsi olduğunu nəzərə çatdırıb. Bildirib ki, 552 səhifə, 4 fəsildən ibarət olan kitab informasiya təhlükəsizliyi üzrə kompleks tədqiqatları əks etdirən yüksək keyfiyyətli akademik tədris resursudur. Elmi-populyar dildə yazılmış kitab informasiya təhlükəsizliyinə giriş, informasiya təhlükəsizliyinin idarə edilməsi, insidentə cavab və fövqəladə halların planlaşdırılması, informasiya təhlükəsizliyində hüquq, etika və peşə məsələləri, təhlükəsizlik və işçi heyəti, kriptoqrafiya, informasiya təhlükəsizliyinin təmin edilməsi və s. kimi modullardan ibarətdir.

Akademik Rasim Əliquliyev informasiya təhlükəsizliyi kimi qlobal xarakter daşıyan, eyni zamanda, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən aktual istiqamətlərə dair qabaqcıl biliyi özündə əks etdirən əsərin Azərbaycan dilinə akademik səviyyədə tərcümə olunmasını, bu sahədə anadilli elmi terminologiyanın yaradılmasını alimlərimizin mühüm nailiyyəti kimi dəyərləndirib. Qeyd edib ki, dünyanın qlobal çağırışları kontekstində yeni elmi biliklərin akademik platformadan təhsilə, tədris vəsaitlərinə daxil edilməsi elm və təhsilin inteqrasiyası, təhsilin məzmununun qabaqcıl elmi biliklərlə zənginləşdirilməsi baxımından son dərəcə zəruridir.

AMEA-nın vitse-prezidenti xarici elmi ədəbiyyatların tərcüməsinin əhəmiyyətindən və bu sahədə mövcud problemlərdən söz açıb: “Tərcüməçilik olduqca məsuliyyətli və çətin peşələrdən biridir. Elmi ədəbiyyatların tərcüməsi ilə məşğul olan şəxs müvafiq elm sahəsinə, onun terminologiyasına dərindən bələd olan mütəxəssis, eyni zamanda, peşəkar tərcüməçi olmalıdır”.

Alim elm və təhsilin inteqrasiyası istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi, xarici dillərdə olan tədris vəsaitlərinin tərcüməsi və nəşri sahəsində işlərin keyfiyyətinin yüksəldilməsinin vacibliyindən də bəhs edib.

Akademik Rasim Əliquliyev elmin müxtəlif sahələrində çalışan alimlərimizi dünyanın qabaqcıl elm mərkəzləri tərəfindən dərc olunan əsərləri, beynəlxalq səviyyədə nüfuz qazanmış tədris vəsaitlərini Azərbaycan dilinə tərcümə edib geniş elmi ictimaiyyətin, ali məktəblərin müəllim və tələbələrinin istifadəsinə verməyə çağırıb. Qeyd edib ki, elmi müəssisələrdə çalışan alim və mütəxəssislərin əməyinin stimullaşdırılması üçün beynəlxalq səviyyədə qabaqcıl təcrübəni rəhbər tutaraq mütərəqqi mexanizmlər işlənilməlidir. Bu, ölkənin intellektual potensialının qorunması və inkişaf etdirilməsi nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır.