Azərbaycan ordu quruculuğunun tarixi - RƏY

Azərbaycan ordu quruculuğunun tarixi

Bu gün Azərbaycan Ordusu Qafqazda ən müasir və ən güclü ordu hesab olunur. Ordumuz bu günki səviyyəsinə gəlib çatması üçün uzun yol keçib. Belə ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti ardınca Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin öz sərhədlərini qorumaq üçün fərqli güclərə malik orduları olub.

Bu gün ölkəmiz varisi hesab etdiyi Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik Respublika olaraq milli ordu quruculuğunun əsasını qoymuşdur. 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması şanlı tariximizin əsas səhifələrindən birini təşkil edir.  General Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi 5000 nəfərdən ibarət idi. Həmin dövrdə Azərbaycanda qırğınlar törədən erməni daşnakları məhz vətənpərvərlərdən təşkil olunan ilk nizami hərbi hissəmiz tərəfindən darmadağın edildi, Göyçay, Şamaxı, Bakı işğaldan azad edildi, Qarabağ və Şərqi Zəngəzurda erməni qiyamçıları zərərsizləşdirildi.

Lakin 1920-ci il aprelin 28-də Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyətinin süquti ilə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə ordu quruculuğu, hərbi kadrların hazırlanması prosesinə start verildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması ordu quruculuğu istiqamətində ən mühüm tarixi addımlardan biri oldu. Məhz bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə C.Naxçıvanski adına Hərbi məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da ordu qurucuğulu siyasəti uğurla davam etdirildi. Ümummilli liderin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.

Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Ordumuz Müzəffər Ali Baş Komandanın əmri ilə 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən Müharibəsində düşmən üzərində parlaq Qələbə qazanaraq  tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələrinə və onun Ali Baş Komandanına inanır, ona güvənir.

Xuraman İmanova;
Neftçala rayonu, Şəhid anası