“Azərbaycanın növbəti uğuru-COP 29”

“Azərbaycanın növbəti uğuru-COP 29”

Böyük dövlətlərin və beynəlxalq ictimayyətin yekdil rəyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un 2024-cü ildə Bakıda keçirilməsinə dair bir-neçə gün öncə qəbul edilən qərar ölkə ictimaiyyətini və bütün dünya azərbaycanlılarını çox  sevindirdi. Düşünürük ki, çox mühüm və dünya əhəmiyyətli növbəti tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksək və güclü mövqeyə sahib olmasından irəli gəlir. Əlbəttə ki, Azərbaycan artıq neçə illərdir ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edərək, böyük hörmət və etmad qazanıb. Ölkəmizin son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi buna bariz nümunədir. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının- COP29-un gələn il Ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Ölkə başçısı çıxışında: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.” deyərək, bu addımı Ölkəmizə verilən dəyər kimi qiymətləndirdi. Bu gün bəzi dünya dövlətləri riyakarlıq mövqeyindən çıxış edərək ikili standartlarla hərəkət etsələr də  regionda sülh və sabitliyin yeganə ünvanının əlbəttə ki,  Azərbaycan olduğunu çox yaxşı anlayırlar. Belə ki, bütün dünya görür ki, Azərbaycan apardığı məqsədyönlü siyasət nəticəsində artıq yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olmuş ölkədir. Azərbaycan illərdir müstəqil siyasət yürütməklə regionda sülh və sabitliyin bərqərar olması üçün səy və bacarıqla çalışır, prinsipial mövqe ortaya qoyaraq ölkənin mənafeyi çərçivəsində beynəlxalq hüquqa əsaslanmaqla, gərəkli işlər həyata keçirir. Önəmli əsaslara söykənən beynəlxalq miqyaslı bu qərar dünyada qalib ölkə kimi tanınmağımız, güclü mövqeyə, möhkəm iradəyə malik Liderin rəhbərliyi ilə iqtisadi yüksəliş yolunda addımlayan dövlətə sahib olmağımızdan iərli gəlir. Bu il Ölkəmizin suverenliyinin tam bərpası istiqamətində görülən lokal xarakterli antiterror tədbirlərinin keçirilməsini də nəzərə alsaq, beynəlxalq qərarın iki ay yarım sonra qəbul olunmasını bütün dünya ictimaiyyətinin Azərbaycana olan dəstəyinin ifadəsi olaraq qəbul etmək olar.

Bu baxımdan COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsinə dair qəbul olunan qərar yüksək siyasi əhəmiyyəti ilə seçilir. Çərçivə Konvensiyasının Ölkəmiz üçün faydalılığını və önəmini xarakterizə etmək üçün onun tarixinə, məqsəd və məramına  nəzər yetirək. BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyası 1992-ci ildə qəbul olunaraq hökumətlərin gələcəkdə onun daha fəal tədbirlər çərçivəsində həyata keçirilməsi təsdiq edilib. Konvensiya tərəfindən daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr əsasında, siyasi idarə və elmi biliklərin inkişafı üçün, habelə əlavə öhdəliklər, həmçinin inkişaf etmiş ölkələrin öhdəliklərinin məqsədə uyğunluğu üçün nəzərdə tutulub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları 1995-ci ildən bəri hər il ayrı-ayrı ölkələrdə keçirilir.  

Müzakirələrində bəşəriyyətin gələcəyi və qorunmasına xidmət edən çağırışlar edilir, dünyada baş verən iqlim dəyişikliyi, onun dəyərləndirilməsi, qarşısının alınması və fəsadlarının aradan qaldırılması kimi vacib məsələlər istiqamətində gərəkli işlər həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan müstəqil dövlət olaraq bu mötəbər Konvensiyaya Ulu Öndər Heydər Əliyev tərəfindən qəbul edilən 18 iyul 2000-ci il Azərbaycan Respublikası Qanununa əsasən Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Bundan sonra ətraf mühitin qorunması dövlət siyasətinin hədəfi, aparıcı xəttindən birinə çevrilib.

Ölkəmiz bu Qanuna əsasən gələcək nəsillərə sağlam və təmiz bir dünyanın ötürülməsi, ekoloji cəhətdən təmiz mühitin qorunması işinin təşkilini həyata keçirtmək məqsədilə əhəmiyyətli çalışmalar həyata keçirir, bu istiqamətdə səy və bacarıqla çalışır.  Müzəffər Prezidentimiz cənab İlham Əliyev digər sahələrdə olduğu kimi bu sahənin də inkişafını uğurla həyata keçirir. Neft və qaz ölkəsi olan Respublikamızda yaşıl enerjinin əhatəli şəkildə artırılmasına böyük önəm verilir, bu istiqamətdə məqsədyönlü işlər aparılır.

Möhtərəm Prezidentimizin göstərişi ilə artıq Ölkəmizdə istixana qazlarının miqdarının ilbəil azaldılmasına qərar verilmiş, işğaldan azad edilmiş torpaqlarımız isə “Yaşıl enerji” zonası elan edilmişdir. İşğalçı erməni dövlətinin 30 il viran qoyduğu Qarabağımızın 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulmuşdur. Cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”. Bütün əldə edilən nailiyyətlər, qazanılan uğurlar, həmçinin Ölkəmizə göstərilən böyük hörmət və etimad, dünya miqyasında  güclü mövqeyə sahib olan, istər siyasi, diplomatik, istər hərbi, istərsə də iqtisadi məsələlərin həllində uğurlu imzası ilə hər zaman yüksəliş yolunda addımlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin simasında bütün Azərbaycanın və xalqımızın növbəti qələbəsinin təntənəsidir.

Nəzakət Quluqız;
Neftçala rayonu, yazar, publisist