Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

Bu gün Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd olunur.

Bu təqvim günü 2011-ci ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qızların hüquqlarının tanınması məqsədilə elan edilib və bütün dünyada qızların üzləşdiyi problemlərin həlli, onların səlahiyyətlərinin artırılması və hüquqlarının reallaşdırılmasının təşviq edilməsi zərurətinə diqqət yetirməyi tələb edir.

Bu gün dünyada 1 milyard gənc, o cümlədən 600 milyon yeniyetmə qız var. Onların hamısı gələcəyimizi dəyişdirmək üçün böyük potensiala malikdir. Bununla belə, onlar dünyanın hər yerində hər gün ayrı-seçkilik və təqiblərlə üzləşirlər.

Son 15 il ərzində dünya ictimaiyyəti erkən uşaqlıq dövründə qızların həyatını yaxşılaşdırmaqda mühüm irəliləyiş əldə edib. Bununla belə, qızların həyatlarının ikinci onilliyinə qədəm qoyduqları zaman qarşılaşdıqları problemlərin həlli üçün kifayət qədər sərmayə olmadığı məlumdur. Söhbət keyfiyyətli orta və ali təhsil almaq, erkən nikahlardan qaçmaq, onlara yetkinlik və reproduktiv sağlamlıqla bağlı məlumat və xidmətlər təqdim etmək və gender əsaslı zorakılıqdan qorunmaq bacarığından gedir.

Ona görə də hər il bu gün çərçivəsində keçirilən tədbirlər konkret mövzuya həsr olunur. Qızlar Günü ilk dəfə 2012-ci ildə qeyd edilib və dünyanın bir çox ölkələrində aktual olan problemə - fundamental insan hüquqlarının pozulmasını təşkil edən və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərən, onları uşaqlıqdan məhrum edən erkən nikaha həsr olunub. Günün builki şüarı: “Qızların hüquqlarına investisiya edin: bizim liderliyimiz, bizim rifahımız”dır.

Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur

Azərbaycanlı qadınlar XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyə nail olublar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur.

Təsadüfi deyil ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Həmin dövr üçün ağlasığmaz olan addım həm də Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və şərəfli tarixə malik olmasının göstəricisidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirildi. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı.

Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. Həmin konvensiyada sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Respublikada hökm sürən demokratik mühit qadınların istənilən sahədə inkişafı üçün əlverişli zəmin yaradır.

Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, cinsi ayrı-seçkilik, qadınlara, qızlara qarşı zorakılıq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələ ki, mövcuddur və narahatlıq doğuran bir məsələdir. Ölkəmizin müxtəlif bölgələrində, eləcə də paytaxtın bəzi ərazilərində qız uşaqlarının təhsildən yayındırılması, erkən evliliyə məcbur edilməsi kimi neqativ hallar qalmaqdadır.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən ölkəmizdə nikah yaşı 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. 2012-ci ildən etibarən isə bu rəqəmlərdə azalma qeydə alınıb. Bunun əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsi məqsədilə “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini həyata keçirir. Layihə çərçivəsində yeni doğulmuş qız uşaqları olan ailələrə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunur.

Ölkəmizdə erkən nikahla bağlı rəsmi statistikada azalma qeydə alınsa da, təbii ki, qeyri-rəsmi rəqəmlər görünəndən daha çoxdur. Çünki rəsmi statistikalar daha çox doğuş prosesinə əsasən götürülür. Zaman-zaman sosial şəbəkələrdə erkən nikahlarla bağlı məlumatlar yayılır. Bunların əsasında dərhal Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür. Bütün bu neqativ halların qarşısının alınması təkcə dövlət qurumlarının vəzifəsi olmamalıdır. Bu cür hallara qarşı susmamaq, ictimai qınağı, maarifləndirmə tədbirlərini gücləndirmək vacibdir. Qızlara, qadınlara qarşı zorakılıq, onların hüquqlarının əlindən alınması, cinsi ayrı-seçkilik ilə mübarizədə bütün cəmiyyət üzvləri fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəyini göstərməlidir. Çünki bərabərhüquqlu cəmiyyət daha parlaq gələcək vəd edir.