Çəltikçilik sahəsində sertifikatlı toxum əldə olunub
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Lənkəran rayonunda istehsal olunan “Avanqard” çəltik sortunun ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilib.
“Avanqard” çəltik sortunun 500 kq Orijinal və 1200 kq Super elit toxumu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılıb.
Çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genofondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin əhəmiyyəti böyükdür.
ƏETİ tərəfindən “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda təsbit edilən vəzifələrin icrası ilə əlaqədar olaraq əkin sahəsinin 10000 ha, məhsuldarlığın 40 tona çatdırılması istiqamətində 3 illik fəaliyyətin nəticəsi olaraq cari ildə çəltiyin 2 yerli “Zəfər” və “Bəstə” sortları Dövlət sınağının keçirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinə təqdim edilib.
Sortların yaradılması, toxum istehsalı və kadr potensialının artırılması istiqamətində Pakistan, Türkiyə, İran və Malaziyanın müvafiq elmi-tədqiqat müəsissələri ilə əməkdaşlıq əsasında fəaliyyətlər davam etdirilir.