Artıq hər kəsin qapısında genişzolaqlı internet var

Artıq hər kəsin qapısında genişzolaqlı internet var

Bu il keçən illərə nisbətdə "internet problemi" barədə daha az sorğu gəlib və daha az müsahibə vermişəm. Gəlin təhlil edək. Ötən günlərdə ictimaiyyətə açıqlandı ki, “Ev təsərrüfatlarının 44%-i genişzolaqlı internetlə təmin edilib”. Bu nə deməkdir ? Loru dildə desək, bu o deməkdir ki, artıq vətəndaşın qapısının ağzında genişzolaqlı internet var və istəyən bu xidmətdən yararlana bilər. 

Hədəf odur ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatları GPON və digər texnologiyalar vasitəsilə minimum 25 Mbit/s sürətli genişzolaqlı internet ilə təmin edilsin. Həmçinin layihə müddətində köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilsin. Nəticədə yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır. 
Nəzərə alsaq ki, 2017-2020-ci illərdə qurulmuş fiber-optik şəbəkənin əhatə etdiyi ev təsərrüfatlarının sayı cəmi 227 min olub. “Onlayn Azərbaycan” layihəsinin icra edilməyə başlanıldığı 2 il yarım ərzində 1,17 milyondan çox ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu rəqəm əvvəlki 4 illə müqayisədə ən azı 5 dəfə çoxdur. Təkcə 2023-cü ilin ilk yarısında 357 min ev təsərrüfatı genişzolaqlı internetin əhatə dairəsindədir. Bu isə mövcud ev təsərrüfatlarının 44%-ni təşkil edir. 2023-cü ilin sonunadək daha 256 min ev təsərrüfatının genişzolaqlı internet ilə təmin edilməsi hədəflənir, bununla da göstərici 44%-dən 55%-ə yüksəlmiş olacaq. Bildirmək istəyirəm ki, “Aztelekom” “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur.

Qurum rəhbəri E.Niyazov açıqlayıb ki, "İnfrastruktur layihələri ölkədə yüksəksürətli internetin orta sürəti ilə bağlı müsbət dəyişikliklərə səbəb olur və beynəlxalq təşkilatların hesabatlarında mütəmadi olaraq göstəricilərimiz yüksəlir". Sabit genişzolaqlı (fiber-optik) internetin sürəti 2022-ci ilin iyun ayında 22 Mbit/s-dən 29.47 Mbit/s-ə yüksəldi. Bu isə 34% artım deməkdir. 

Elçin müəllim müştəri məmnuniyyəti istiqamətində atılan addımlar barədə də açıqlama edib. O bildirib ki, “Müştəri Loyallığı İndeksində “Aztelekom” 2022-ci ildə regionlarda 2021-ci illə müqayisədə 23 bal, “Baktelecom” isə 18 bal artım edib. Müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və keyfiyyətli xidmət standartlarının tətbiq edilməsi məqsədilə müraciətlərin ATS, rabitə xidmətləri mərkəzləri və filiallardan çağrı mərkəzlərinə yönləndirilməsi təşviq edilib. Aparılan mərkəzləşmə prosesi nəticəsində 2023-cü ilin ilk yarısında 703 min zəng emal edilib. Bu, ötən ilin eyni dövründə qeydə alınmış göstərici ilə müqayisədə 32% çoxdur. Tələbə uyğun olaraq “Aztelekom” və “Baktelecom” müştəri əlaqələri departamentlərinin əməkdaş sayı artırılıb və nəticədə 2023-cü ilin birinci yarımilində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə çağrı mərkəzlərinin xidmət səviyyəsində və müraciətlərin həlli göstəricisində 3% artıma nail olunmuşdur”.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq “Aztelekom” tərəfindən görülən işlərlə bağlı Elçin müəllim qeyd edib ki, Laçın şəhərində 800 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihənin hazırlanması və şəbəkənin quraşdırılması, Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndlərinin də GPON  texnologiyası əsasında layihələndirilməsi planlaşdırılır. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində isə 75 ev təsərrüfatı xidmətlərdən yararlana biləcək.


Qurumun əsas hədəfi əlçatanlığı və sərfəliliyi artıran xidmət və məhsulların inkişaf etdirilərək diqqəti müştəri məmnuniyyətinə yönəltməkdir. Bu istiqamətdə biznes subyektləri üçün yenilənmiş tarif paketlərinin,şəhid ailələri və müharibə əlilləri üçün xüsusi güzəştlərin əks olunduğu layihələrin hazırlandığını və yaxın aylarda tətbiq ediləcəyinin də vədi verilib.

AİKSA sədri Elvin Abbasov