Kibertəhdidlər ən ciddi qlobal risklər sırasındadır

Kibertəhdidlər ən ciddi qlobal risklər sırasındadır

“Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiqlənib. Bu Strategiya ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyətin əsas məqsədlərini, prinsiplərini, istiqamətlərini və prioritet vəzifələrini müəyyən edir. Yeri gəlmişkən, mən də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin hazırladığı videoçarxda kibertəhdidlərin dünya iqtisadiyyatı və cəmiyyət üçün yaratdığı risklər və kibertəhlükəsizliyin önəmi barədə fikirlərimi bölüşmüşəm.

Bu fikirləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

“Kibertəhlükəsizliyin önəmi son illər xeyli artıb. Buna əmin olmaq üçün Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına baxmaq kifayətdir. Həmin hesabata əsasən, kibertəhdidlər ən ciddi qlobal risklər sırasındadır. Eyni zamanda, 2022-ci ilin statistikasına əsasən, kiberhücumlar nəticəsində dünya iqtisadiyyatına dəymiş zərər 8 trilyon ABŞ dollar səviyyəsində ölçülür. Bu isə qlobal ÜDM-nin təxminən, 8 faizi deməkdir. Əgər biz bu rəqəmi bir ölkə iqtisadiyyatı formasında təsəvvür etsək, bu ölkə ABŞ və Çindən sonra ən iri iqtisadiyyata malik olardı. “Forbes” jurnalında dərc olunmuş tədqiqata əsasən, dünyada hər 40 saniyədə bir yeni kiberhücum baş verir. Eyni zamanda yerli statistikaya baxsaq, 2022-ci ildə milli resurslara 1300-dən çox kiberhücum qeydə alınıb və 120 mindən çox Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarının sızması faktı aşkarlanıb. Bütün bunlar bir daha sübut edir ki, kibertəhlükəsizlik tədbirləri böyük əhəmiyyət kəsb edir və kibertəhdidlər real təhlükədir. Əslində, Azərbaycan özü üçün İnkişaf Strategiyasını seçib. Prezidentimizin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində prioritetlərdən biri innovativ və yaradıcı cəmiyyətin qurulmasıdır. Bu prioritetə nail olmaq, çatmaq üçün biz mütləq rəqəmsal inkişaf yolu ilə getməliyik. Həmin yol isə kibertəhlükəsizlikdən keçir”, - deyə Rəşad Bayramov qeyd edib.