Milli Mətbuatımızın tarixi

Milli Mətbuatımızın tarixi

149 il ərzində çox böyük tarixi yol keçmiş milli mətbuatımız Azərbaycan tarixinin çox qiymətli bir parçasıdır. Bu gün ölkəmizdə mövcud olan söz və ifadə azadlığı, kütləvi informasiya vasitələrinin bolluğu mətbuatımızın inkişafından xəbər verir. təxminən əsr yarıma bərabər müddətin həyatımıza gətirdiyi nailiyyətlərdir. Milli mətbuatımızın təməldaşı olan “Əkinçi” öz nuru ilə müasirləri üçün mayak rolunu oynayır.

Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Ə.Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin, Ceyhun bəyin, Ömər Faiq Nemanzadənin, Şəfi bəy Rüstəmbəylinin, Xəlil İbrahimin, Əlimərdan bəy Topçubaşovun və digər mütəfəkkirlərimizin açdığı cığır müasir mətbuatımızın yoluna işıq salır.  

1875-ci il iyul ayının 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazıldı. Cəmi 56 sayı işıq üzü görsə də, bu qəzet Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynamışdır.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün çətin siyasi durum yaratmışdı. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, qorxaqlığı, hətta xəyanəti nəticəsində ölkəmiz ölümlə qalım arasında qalmışdı. Məhz belə bir dövrdə digər sahələr kimi, mətbuatımız da ağır dövrünü yaşamağa məcbur oldu. O dövrdə mətbuat azadlığından danışmaq belə mümkün deyildi.

Xoşbəxtlikdən o dövrdə Ulu Öndər Heydər Əliyev  Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda idi və həmin ağır dövrü yalnız geridə qoya bilərdi. Belə də oldu, qədirbilən xalqımızın təkidli tələbi ilə Bakıya qayıdan və çətin dövrdə siyasi hakimiyyəti ələ alan Ümummilli liderin sayəsində Azərbaycan bütün sahələrdə problemləri arxada  qoydu. Ulu Öndərin bu qayıdışı mətbuatımızın da qarşısında geniş imkanlar açdı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin azad mətbuatın inkişafı istiqamətində atdığı addımlar göz qabağındadır.

Cənab İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə KİV-in inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu, gözlənilən dəyişikliklərin və yeniləşmənin mesajı verilmiş oldu. Yol xəritəsi rolunu oynayan Fərmandan sonra “Media haqqında” Qanun qəbul olundu. Bu gün Azərbaycanda medianın inkişafı dövlətin əsas prioritetlərindəndir. 2022-ci ildən başlayaraq Milli Mətbuat Günündə Qarabağın tacı Şuşada beynəlxalq Media Forumu keçirilir. Bu gün milli mətbuatımız dünyada Qalib ölkə kimi tanınan Azərbaycanın reallıqlarınə beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırır. 

Zülfiyyə Hüseynova;
Neftçala rayonu, Şəhid anası