Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri

Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri

Xarici havadarları tərəfindən silahlandırılan ermənilər 1988-1994-cü illər ərzində Azərbaycan Respublikası ərazisinin 20%-ni işğal etdilər. İşğal zamanı yaşayış məntəqələri vəhşicəsinə dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində ermənilərin törətdikləri əsl soyqırım erməni faşizminin simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilirdi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70 nəfər qoca olmaqla 613 nəfər dinc sakini amansızcasına qətlə yetirmişdi.  Erməni quldurlarının həyata keçirdiyi soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər uşaq isə valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

Ermənistan 44 günlük Vətən müharibəsinin gedişində də istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı ardıcıl təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayır və beləliklə, müharibə cinayətlərini davam etdirirdi. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, işğalçı Ermənistan dövləti tərəfindən Gəncə şəhərinə ballistik raketlərin atılması ilə aralarında azyaşlı uşaqların da olduğu neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması ilə  nəticələnən terror aktı erməni faşizminin sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verirdi. Lakin düşmənin bu cəhdi də cavabsız qalmadı. Müzəffər Azərbaycan Ordusu dinc sakinlərimizə qarşı cinayət törədən erməni terrorçularını döyüş meydanında layiqincə cəzalandırdı və törədilən cinayətlərin qisasını artıqlaması ilə aldı.

Təəssüf ki, hərb və diplomatiya meydanında aldığı dərslərdən nəticə çıxarmaqda çətinlik çəkən rəsmi İrəvan hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam etdirir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz həllini tapmayıb. Müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin yaxınlığında minalar basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Zamanla Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi saysız cinayətlər və onların qanlı təzahürləri meydana çıxır.

Qədir Kazımov
Göygöl RİHB Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı  
məsləhətçisi