Strateji əhəmiyyətə malik Laçın!

Strateji əhəmiyyətə malik Laçın!

Azərbaycanın dilbər guşələrindən biri də Laçın şəhəridir. Bu gün Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində artıq Laçın azaddır, bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır.

Möhtərəm Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Qeyd edək ki, Laçın rayonunun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Rayon 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. İşğal nəticəsində yüzlərlə mədəni, tarixi, sosial, ictimai-iaşə obyekti mənfur düşmən tərəfindən vandalizmə məruz qalmış, məhv edilmişdir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycanın I Qarabağ müharibəsində əsas məğlubiyyəti məhz Şuşa və Laçının itirilməsi ilə başlamışdı. İşğaldan dövründə əsas narahatedici məqamlrdan biri də düşmənin bütün beynəlxalq qaydalara zidd gedərək, ən əsası isə bu işə məsul olan qurumların nümayəndələrinin gözü önündə Laçın rayonunda coğrafi adlarını dəyişdirməyə cəhd etmiş, rayonun təbii resurslarını talan edərək qazanc mənbəyinə çevirmişdir.

Xüsusilə Suriyadan olan erməni əsilli şəxslərin qeyri-qanuni şəkildə Laçına gətirilərək, məqsədyönlü məskunlaşma siyasətinə cəlb edilmələri sadəcə nümunələrdən biridir. Lakin Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində tarixi ədalət bərpa olundu, Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Laçın rayonunun yeni inkişaf dövrü başlandı. Qısa müddətdə yenidənqurma, abadlıq işlərinə başlanıldı. Qürurverici haldır ki, artıq 4 ildir ki, torpaqlarımızın işğalı günlərini deyil, düşmən tapdağından azad edildikləri tarixləri qeyd edirik.

Bu tarixlər mühüm məqamları – Zəfərə gedən yolu, Qələbəmizi şərtləndirən amilləri və bundan sonrakı dövrdə hədəfləri özündə ehtiva edir. Bu günümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini müasir tələblər səviyyəsində həyata keçirmək, soydaşlarımızın böyük qayıdışını sürətləndirməkdir. “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Cənab Prezidentin bu tarixi sözləri qüdrətli Azərbaycanımızın sülhpərvər niyyətini bir daha nümayiş etdirir.

Yasəmən Mənəfova;
Neftçala rayonu, Şəhid anası