Bəzən belə xoşagəlməz halların sonu ölümlə də nəticələnə bilir

Bəzən belə xoşagəlməz halların sonu ölümlə də nəticələnə bilir

Son günlərdə ictimaiyyətdə geniş rezonans və narazılıqla qarşılanan məsələlərdən biri də bir neçə gün öncə 16 yaşlı yeniyetmə qızın dünyaya uşaq gətirməsidir. Sözsüz ki, belə neqativ halların olması çox üzücüdür. Doğrudur, bu kimi halların qarşısının alınması istiqamətində aidiyatı qurumlar bir çox tədbirlər həyata keçirsələr də, hələ də mütəmadi bu kimi xəbərləri eşitmək məcburiyyətində qalırıq.

16 yaşlı qızın ana olması məsələsi araşdırılarkən digər bir təəssüfedici məqam da ortaya çıxıb. Belə ki, həmin yeniyetmə qız 14 yaşında olarkən ailə həyatı qurub. Bu məsələdə əslində bir yox, iki məqam ortaya çıxır. Erkən analıqla yanaşı, erkən nikah problemi. Hər iki məsələ isə hər zaman cəmiyyətimizin aktual problemləri sırasında qalmaqda davam edir.

Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır:  Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər.

Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında  özünü büruzə verir.

Erkən nikahın yaratdığı xoşagəlməz nəticələrdən biri də erkən yaşlarda qızların ana olmasıdır. Könüllü və ya məcburi şəkildə ana olan yeniyetmə qızlar bir qayda olaraq bunun fiziki, psixoloji fəsadlarını həyatlarının sonrakı mərhələlərində görürlər.

Məlumat üçün qeyd etməliyəm ki, bugün insanların hormonal olaraq formalaşması əvvəlki illərlə ilə müqayisədə eyni səviyyədə deyildir. Aparılan araşdırmalar da sübut edir ki, yeyiyetməlik yaşı artıq daha da cavanlaşıb. Buna baxmayaraq 14 və ya 16 yaşında olan xanımın orqanizminin tam formalaşmasını demək olmaz. Bu səbəbdən də bir qayda olaraq həmin yaş aralığında olan qızların hamilə qalınması məsləhət edilmir.

Erkən hamiləlik və ana olmağın psixoloji sarsıntıları da çox olur. Bədən buna hazır olmadığı üçün psixoloji olaraq beyin və düşüncələr də buna hazır olmur. Özü hələ tam yetkinləşməyən bir qadının övladın tərbiyəsi ilə məşğul olması çox çətin məsələyə çevrilir. O yaşda analığı tam şəkildə dərk etmək mümkün deyil. Bu məsələdə psixoloji və fizioloji faktorlar paralellik təşkil edir.

Ailədaxili narazılıq, maddi-sosial vəziyyətin qənaətbəxş olmaması və digər müxtəlif səbəblərdən yaranan problemlər zamanı erkən yaşında ana olan qızlarda utanc, günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa, ümidsizliyə səbəb olur, aqressiya, natamamlıq kompleksi, stress, depressiv halları ortaya çıxarır.

Qeyd etdiyim amillərlə yanaşı, bəzən erkən yaşda ana olmaq istəyən bəzi qızlar bədənin tam formalaşmaması, övlad dünyaya gətirmə mərhələsini rahat və təhlükəsiz şəkildə keçirə bilməməsi səbəbindən doğuş zamanı övladlarını itirir, özləri isə sağlamlıqları ilə bağlı ciddi fəsadlarla üzləşirlər. Bir çoxları öz canından olan birini itirməyi qəbullana bilmir, özlərini bağışlamır, hətta müxtəlif vasitələrlə özlərinə xəsarət yetirə bilirlər. Təəssüf ki, bəzən belə xoşagəlməz halların sonu ölümlə də nəticələnə bilir.

Doğrudur, bir çox ölkələrlə müqayisədə Azərbaycanda istər erkən nikahların, istərsə də erkən yaşda ana olan qızların nisbəti aşağı səviyyədədir, lakin hələ də mütəmadi bu cür hallarla üzləşməyimiz ona deməyə imkan verir ki, kompleks və koordinasiyaları şəkildə tədbirlər, maarifləndirmə fəaliyyəti davam etdirilməlidir.

Bugün bu istiqamətdə aidiyatı qurumlar, hüquq-mühafizə orqanları, təşkilatların fəaliyyətini xüsusilə qeyd etməliyəm. Əvvəlki dövrlərlə müqayisədə neqativ hallarla qarşılaşdıqda operativ tədbirlər görülür. O cümlədən, mütəmadi  olaraq paytaxt və bölgələrdə erkən nigahların qarşısının alınması, onun fəsadları barədə layihələr həyata keçirilir, görüşlər təşkil olunur. Təbii ki, bununla kifayətlənmək olmaz.

Bu məsələdə əsas öhdəliklərdən biri də məhz valideynlərin üzərinə düşür. Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində.

Yeniyetməlik dövrü ailələrin övladları üçün xüsusi diqqət etməli bir zamandır. Valideynlər bu dövrdə övladlarının daim yanında olduğunu hiss etdirməli, övladları arasında ayrıseçkilik etməməli, onların fikirlərinə hörmətlə yanaşmalı, təhsil almağına, şəxsiyyət kimi tam şəkildə formalaşmasına şərait yaratmalı, dəstəklərini göstərməlidirlər.

Cəmiyyətin üzvləri kimi hər birimiz də bu məsələdə diqqətli olmalıyıq. Yaxınımızda olan insanları maarifləndirməli, xoşa gəlməz hallarla qarşılaşdıqda biganə yanaşmamalıyıq.

 

Təranə Paşayeva

“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri

Psixologiya üzrə fəlsəfə doktoru