O tarixdən sonra al qərənfillər şəhidlərin qanını simvolizə edir

O tarixdən sonra al qərənfillər şəhidlərin qanını simvolizə edir

...Balaca Zərifə babası ilə Şəhidlər xiyabanına gedəcəkdi. Baba ilə gəzməyə getməyi çox sevdiyindən qızcığaz səhər yeməyini həvəslə yeyirdi. Axı babası həmişəki kimi onu maraqlı yerlərə aparırdı; getdikləri, gəzdikləri məkanlarda Zərifəgil başqa babalarla rastlaşır, hər biri bu ağbəniz, qara qıvırcıq saçlı, uzun qara kirpikləri tünd şabalıdı, iri gözlərinin üstünə çətir kimi açılaraq kölgə salan şirindil qızı salamlayır, adını soruşur, danışdırırdı.

Neçə il idi babası Zərifəni yanvarın 19-da mütləq Şəhidlər xiyabanına aparırdı. Körpə qız bu məkanın mənasını dərk etməsə də, qara mərmər daşlardan boylanan şəkillərə diqqət kəsilirdi, yaşına uyğun olmayan tərzdə ağır addımlarla babasının yerişini təqlid edirdi.

Həmin gün də səhər yeməyini yeyib bitirdikdən sonra balaca qız babası ilə yenə gül dükanına getdi. Babası adəti üzrə dünəndən satıcıya sifariş verdiyi böyük qərənfil dəstəsinin pulunu ödədi. Satıcı oğlan al qırmızı qərənfilləri səliqə ilə dəstələyib Zərifənin babasına təqdim etdi. Zərifə ağıllı gözləri ilə babasının əlindəki güllərə baxırdı. Kiçik qız Şəhidlər xiyabanında babasının ona hər dəfəsində olduğu kimi, iki dənə qərənfili ayırıb verəcəyini bilirdi.

Xiyabana çatanda Zərifə birdən dayandı, babasının əlini buraxıb onun önünə keçdi və yaşına yaraşmayan ciddiliklə:  

- Baba - dedi.

- Bəli, Zərifəm - Babası onu belə çağırırdı.

- Nə üçün biz həmişə bu güldən alıb gətiririk. Niyə başqa güllərdən almırıq?

Sonra isə sanki öz sualının cavabını tapmış kimi, üzünü cərgə ilə sıralanmış mərmər daşlara çevirib, gözlərini azacıq qıyaraq dedi:

- Əslində mən bilirəm, baba. Burdakılar bu gülü xoşlayırlar...

Babası başı ilə razılığını bildirdi, onun dodaqlarının kənarı səyridi, gözləri doldu və bayaq aldığı qərənfil dəstəsindən iki gül ayırıb Zərifəyə uzatdı.

- Sən ağıllı qızsan, Zərifəm. Sən böyüyəndə biləcəksən ki, bu gülün taleyi bir gecədə necə dəyişib. İndi qərənfil gülü sevinci, şadlığı deyil, kədəri, hüznü ifadə edir. Amma yenə də ülvi və müqəddəs missiyasını davam etdirir. Onun missiyası yenə ülvilik, saflıq, məhəbbətdir, Vətənə məhəbbətdir!

...Zərifə o an bir şey başa düşməsə də, babasının dediyi sözləri bugünədək xatırlayırdı. Təbii ki, həmin gün o, bu sözlərin ifadə etdiyi dərin mənanı hələ bilmirdi. Sonralar bu körpə, dilavər qız böyüdü, məktəbdə, universitet illərində də hər dəfə Şəhidlər xiyabanını ziyarət edəndə, sanki yenə babasının əlindən tutub pilləkənləri qalxan körpə bir qız olurdu. İllər öncə babasına verdiyi sualın əsl cavabını da Zərifə artıq tapmışdı. Artıq o bilirdi ki, 20 yanvar 1990-cı ilə qədər Azərbaycanda toy, nişan mərasimlərində, ad günlərində, bütün bayramlarda qərənfil gülünü hədiyyə aparırdılar. Oğlan evi nişanlı qıza hədiyyə gətirəndə mütləq tortla qərənfil dəstəsi hədiyyəni müşayiət edirdi. İncə, al qırmızı qərənfillər elə zərif olurdular ki. Nişan, toy fotolarında da gəlinlərin əlində qırmızı qərənfillər olurdu. Zərifənin valideynlərinin nişan və toy fotolarında da anasının qucağında qərənfil dəstəsi vardı. Məhz o illərdə belə xoş günlərin şahidliyini edən qərənfilli fotolar çoxdur. 1990-cı ilin qanlı 20 yanvarına qədər...

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına qarşı törədilən qırğın, günahsız, əliyalın insanların gülləbaran edilməsi cinayət idi. Həmin gecə və yanvarın 20-də qan içində olan Bakının yaralarını sanki al qırmızı qərənfillər sarımağa, gözü yaşlı, yaralı şəhəri ovutmağa çalışırdı. 20 yanvar faciəsinin qurbanlarının - şəhidlərin dəfn mərasimində insanlar qərənfilləri sovet tanklarının insanları əzib keçdiyi qanlı küçələrə düzürdülər. Əzablar içində qalan şəhərin küçələrini al qərənfillər ağuşuna alıb təskinlik verirdi elə bil.

Həmin tarixdən sonra sanki şux qamətli, incə, zərif qərənfilin boynu büküldü, o, daha sevinci, xoşbəxtliyi deyil, hüznü, acını, kədəri ifadə etməyə başladı. Müqəddəs Şəhidlər xiyabanı al qırmızı qərənfillərin müşayiəti ilə Vətən övladlarını ağuşuna aldı. Qərənfil yağışı yağdı sanki şəhərə, müqəddəs şəhidlərin uyuduğu Xiyabana...

O tarixdən sonra al qərənfillər şəhidlərin qanını simvolizə edir.

...Zərifə Şəhidlər xiyabanına yenə yanvarın 19-da gəldi. Xiyabanın başlanğıcında ilk mərmər daşdan qoşa boylanan Fərizə ilə İlhamın şəklinə nəzər saldı. Bu nakam cütlük haqqında oxuduğu bir məqalədə gördüyü toy fotolarında Fərizənin də əlində qərənfil dəstəsi tutduğunu xatırladı. Taleyi bəd dəyişən cütlüyün xoşbəxt günlərinin son şahidlərindən olmuşdu əlindəki həmin qərənfillər. Vaxtilə gənc və gözəl gəlinin zərif barmaqları arasında xoşbəxtliyə şahidlik edən al qərənfillər indi onun uyuduğu torpağın üstündəki mərmərə sığınmışdı sanki...

Qərənfilin taleyi də dəyişdi, neçə-neçə yarımçıq qalmış xoşbəxtliyin, acı qismətin kədərinə, dərdinə şərik oldu qərənfil. Hüzn, kədər gülü oldu.

Zərifə dodağının altında pıçıldadı:

- İndi qərənfil gülü sevinci, şadlığı deyil, kədəri, hüznü ifadə edir. Amma bu gülün taleyi dəyişsə belə, yenə də ülvi və müqəddəs missiyasını davam etdirir. Onun missiyası yenə ülvilik, saflıq, məhəbbətdir, Vətənə məhəbbətdir!

Zərifə bir anlıq əlində cüt qərənfil tutmuş balaca, şıltaq qızcığaza çevrildi – illər öncə babası ilə Şəhidlər xiyabanına gələn o qızcığaza.

Narın yağış damlaları xiyabandakı mərmər daşlarda müxtəlif cığırlar açır, oradan sürüşüb qərənfillərin üzərinə düşdükcə isə zərgər düzmüş qaş kimi parıldayırdı. Zərifə başındakı beretin altından çıxan qıvırcıq saçlarının ucunu sağ əli ilə boynuna doladığı şərfin altına doğru itələdi. Sol əlində tutduğu sonuncu cüt qərənfili cərgədəki mərmər üzərinə qoyaraq pilləkənləri enməyə başladı. O, öz-özünə danışırmış kimi, “Ülvilik, saflıq, məhəbbət missiyası, Vətənə məhəbbət!” – deyə pıçıldadı.

Zeynəb Kazımova
525-ci Qəzet