Toxum emalı zavodları mövsümə hazırdır

Toxum emalı zavodları mövsümə hazırdır

Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi məqsədilə Dövlət Toxum Fondunun tabeliyində Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustan rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri fəaliyyət göstərir. Hər il olduğu kimi bu il də zavodlar mövsümə tam hazır vəziyyətə gətirilib, zavodların operativ və fasiləsiz fəaliyyəti üçün müvafiq tapşırıqlar verilib. Toxum emalı zavodlarında yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların emal edilməsi, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması həyata keçiriləcək.Toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər zavodlara müraciət edə bilərlər.Toxum emalı zavodlarında kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmətlər növbəlilik prinsipi ilə həyata keçiriləcəkdir.

Zavodların emal gücü saatda 5 tondur. Zavodlarda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını, digər ənənəvi qurğulardan fərqli olaraq 98 % təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 % azdır. Zavodlarda həyata keçirilən toxum email həm əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır.

Zavodlarda quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılır.

Ümumiyyətlə isə emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Toxum emalı zavodlarının əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

Qeyd edək ki, dənli bitki toxumlarının emalı zavodları mövsumdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır.

BusinessTime