Coca-Cola Azərbaycan fləşmob keçirib

Coca-Cola Azərbaycan fləşmob keçirib

Coca-Cola şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən HORECA Pet Collection ekoloji layihəsi çərçivəsində MetroPark Ticarət Mərkəzində fləşmob keçirilib.

Könüllülərin iştirakı ilə təşkil edilən fləşmobun keçirilməsində məqsəd cəmiyyətdə plastik tullantıların təbiətə təsiri barədə məlumatlılığı artırmaq, tullantıları çeşidləməyə diqqət çəkmək və  istifadə olunmuş plastikləri təkrar emala yönləndirməkdir.

HORECA Pet Collection ekoloji layihəsi Coca-Cola şirkətinin “Tullantısız Dünya” proqramının tərkibində icra olunur və HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıları toplamağı nəzərdə tutur.

Bir ildir icra edilən layihəyə Bakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən 200 müəssisə, Mingəçevir və Qəbələdən isə doqquz müəssisə qoşulub. Ümumilikdə 45 tona yaxın plastik toplanaraq təkraremal müəssisələrinə yönləndirilib.

İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə, Bakının ən iri ticarət mərkəzləri olan Gənclik Mall, Dəniz Mall, MetroPark, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Dövlət Sərhəd Xidmətinin İdman Kompleksi, ASAN Xidmət Mərkəzləri, Park Cinema, CinemaPlus kinoteatrları, avtoservislər, “Shaurma N°1”, ‘’Cafe City” və digər restoranlar da qoşulub. Müəssisələrə plastik tullantılar üçün qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.

Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.

Xatırladaq ki, Coca-Cola şirkəti bundan əvvəl də “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi  və digər tərəfdaşlarla birlikdə ekoloji isitaqmətdə  “Təmiz Ölkəm”, “ Təmiz Sumqayıt”, “Xəzəri Qoruyaq”, “Recyclaton” kimi bir sıra layihələr icra edib. Ümümilikdə həmin layihələrdə 50 tondan çox tullantı təkrar emala qaytarılıb və tullantıların təbiətə təsirini azaltmaq məqsədilə ideyalar dəstəklənib.