Red Bull Yağlı Dirək yarışında qalib bəlli oldu
Pirallahıda yerləşən Nərəkənd parkında ölkəmizdə ilk dəfə Red Bull Yağlı Dirək yarışı keçirildi.
Böyük marağa səbəb olan yarışda Emin Orucov bayrağa çataraq onu götürməyi və birinciliyi qazanmağı bacardı. 50-ci nömrəli iştirakçı olan qalib Emin Orucov 1000 azn pul mükafatı qazandı.
Red Bull Yağlı Dirək yarışında 1-ci yerin qalibi Emin Orucovun qələbədən sonrakı təəssüratı belə oldu: “Qalib gəlməyimin əsas səbəbi sürət və qaçarkən ancaq bayrağa fokuslanmağım oldu. Dirəyin üzərində olarkən bütün fikrim bayraqda idi. Kənarlara baxsaydım və ya tərəddüd etsəydim, bəlkə də yıxılardım. Birinci olduğum üçün çox xoşbəxtəm.”
Ümumilikdə 111 nəfərin mübarizə apardığı Red Bull Yağlı Dirək yarışında 2-ci və 3-cü yerləri müəyyən etmək üçün ikinci raund da keçirildi. Bu raundda isə iştirakçı Emil Kiçibəyov 2-ci, Elvin Qarayev isə 3-cü yerin qalibləri oldu. Onlar müvafiq olaraq 500 və 250 azn pul mükafatı qazandılar.
3 saat davam edən yarışda iştirakçılar bayrağı götürmək üçün sona qədər mübarizə apardılar. 11 metrlik yağlı dirəyin üstündə qaçmaq isə həm tamaşaçılar, həm də iştirakçılar üçün həyəcanlı və əyləncəli anlarla yadda qaldı.