Deputat yeni ədliyyə nazirindən danışdı: "Fərid Əhmədov neqativ halların aradan qaldırılması üçün çalışmalıdır"
"Yeni ədliyyə naziri Fərid Əhmədova uğurlar arzulayıram. Onun dosyesi ilə tanış oldum. Kifayət qədər təhsili və təcrübəsi var. Məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqaməti işi ilə yanaşı, bütün ədliyyə sistemi, nikah qeydiyyatı şöbələri, cəzaçəkmə müəssisələri, notariat orqanları və digər sahələrdə ciddi islahatlara təkan verəcək. İslahatların keçirilməsində gözləntilərim çoxdur. Fuad müəllim gəncdir, enerjilidir. Hesab edirəm ki, çox işlər görə bilər".
BusinessTime xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Yeni nazir hər şeydən əvvəl ədliyyə sistemindəki mövcud neqativ halların aradan qaldırılması üçün çalışmalıdır. Hesab edirəm, buna iradəsi çatar. Hər halda dövlət başçısı ona böyük etimad göstərib. Çox ləyaqətli insan olduğunu eşitmişəm. İngilis, rus dillərində sərbəst bilir. Sərbəstliyə, qanuna meyilli bir adamdır. Bu məlumatlara sevindim. Allahın izni ilə yaxşı işləyər. Uğurlu seçimdir. Arzulayıram ki, etimadı doğrultsun. İnanıram, özünü doğruldacaq", - deputat bildirib.