Qubadlı-Eyvazlı avtomobil yolunun inşası davam edir
Dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 28,5 kilometr uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir.
“Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi” layihəsinə uyğun olaraq çətin relyefli dağlıq ərazilərdə öncə servis yolları salınır, digər ərazilərdə isə yeni yol yatağının inşası icra olunur. Yol yatağının profilə salınması və dolğu işləri artıq son mərhələ üzrə aparılır.
“İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yol əsasının tikintisi istiqamətində işlər aparılır. Yol əsasının tikintisi artıq yekunlaşmaq üzrədir. Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik 91 dairəvi boru quraşdırılıb. Bundan başqa, layihə boyunca 16 kilometr uzunluğunda drenaj sistemi də inşa edilir.
Layihə üzrə zəruri yerlərdə düzbucaqlı su keçidləri, yolun 9-cu kilometrində 6x12 metr və 24-cü kilometrində 5x12 metr ölçülərində körpü tipli müxtəlif təyinatlı düzbucaqlı alt keçidləri, yolun 2,5-ci kilometrində 122.4 metr uzunluğa malik 4 aşırımlı və 21-ci kilometrində 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüləri, həmçinin 1 qovşaq da inşa olunub.
Xüsusi texnikalardan istifadə olunmaqla görülən işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.
Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.