Yəhya Babanlıdan mühüm AÇIQLAMA

Yəhya Babanlıdan mühüm AÇIQLAMA

Tarix üzrə fəlsəfə doktoru, Diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı Dövlət Başçısının yeni imzaladığı Fərmanla təsdiq edilmiş AMEA-nın Nizamnaməsində yer alan diasporal fəaliyyət ilə bağlı münasibət bildirib.

“Qeyd edək ki, Azərbaycan diasporu həm qalib fazaya, həm də akademik dövrə daxil olur. Bu da təbii olaraq innovativ yanaşmanı qaçılmaz, SMART mexanizmin tətbiqini zəruri edir. Artıq əyani təsdiqini tapan “Qarabağ Azərbaycandır!” milli-ideoloji fenomeni dünya azərbaycanlılarının tarixi Vətənlərinin suverenliyinin rəmzini ifadə edir.

İndiki zamanın çağırışı birgəyaşayış, tarixi torpaqlara geridönüş və reinteqrasiya kimi həssaslıqlara cavab verə bilməkdir.
Məqsəd-məram sülh yaratmağa dəstək olmaq və qalibiyyət ruhundakı üstünlüyə uyğun addım atmaqdır.
Bu xüsusda, Azərbaycan diasporunun da məzmun və forması dəyişəcək və diasporal koordinasiyada instutisional reformlar reallaşdırılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının NİZAMNAMƏSİ təsdiq edilmişdir.

AMEA-nın hüquqları sırasına “xaricdə yaşayan görkəmli azərbaycanlı alimlərlə əlaqələri inkişaf etdirmək, elmi diasporla iş aparmaq, qrant layihələrində birgə iştirak məqsədilə tədbirlər görmək;” kimi mühüm milli əhəmiyyət daşıyan müddəa daxil edilmişdir.
Bu bir daha onu göstərir ki, intellektual diasporun formalaşdırılması, xaricdə yaşayan həmvətənlərlə münasibətlərin faydalı iş əmsalının yüksəldilməsi və inteqrasiya məsələləri dövlətimizin prioritetləri sırasındadır.
Çünki, müasir dövlətlərarası münasibətlərdə diaspora və lobbiçiliyin təsiri danılmaz faktordur.

Göründüyü kimi, Azərbaycan diasporuna baxışın təkmilləşdirilməsi, yeni mərhələyə qədəm qoyması labüddür və elmtutumlu diasporun yaradılması əsas hədəfdir.

Diasporla iş sahəsində 2 (iki) xüsusa daha çox diqqət yetirilməlidir:

1. Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının ərazisində olan tarixi-dini abidələrin (Azərbaycan Albaniyası dövrünə məxsus və s.) tolerantlıq və multikulturalizm kontekstində tanıdılması və təbliğ olunması.
2. Cənubi Qafqaz Sülh Evi platforması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi -
- Azərbaycan və erməni diasporları arasında akademik səviyyədə açılım;
- Azərbaycan, gürcü və erməni diasporlarının əlaqələrinin formalaşdırılması və “Cənubi Qafqaz xalqlarının diasporlarının dostluq Modelini”nin yaradılması.”.

Bir sözlə, görüş naminə görüş, tədbir naminə tədbir deyil, sistemli-konseptual şəkildə - gələcəyə yönəlmiş ölçülüb-biçilmiş fəaliyyət olmalıdır.