Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

İyulun 23-də Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə Bakıda “İFest” - İnnovasiya və Texnologiya Festivalı keçiriləcək.

Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının sədri Nigar Ələsgərova festivalla bağlı iyulun 4-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, layihənin əsas məqsədi texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirməkdir. Ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, bu il “İFest” COP29-a həsr olunacaq və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı ilə reallaşacaq. Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin MVP mərhələsinə çatmış startaplar iştirakçı olaraq öz stendləri ilə birgə təmsil olunacaqlar. Bununla yanaşı, yerli və xarici vençur fondları və mələk investorları da festivalda öz yerini alacaq.

Festivalda müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərə startapların təqdimatı, investor görüşləri, startapforumun təqdimatı, texnologiya şirkətlərinin və startapların sərgisi, həmçinin əyləncəli şou proqramların keçirilməsi daxildir.

Qeyd edək ki, “İFest” ənənəvi xarakter daşıyır və hər il keçirilməsi planlaşdırılır. Gənclər, o cümlədən texnologiya və startaplarla maraqlanan vətəndaşların hər biri festivalda aktiv şəkildə iştiraka dəvət olunur.