Erməni terrorizmi - səbəb və nəticələr
Soyqırımı ifadəsinin nə qədər dəhşətli olmasını onun elmi izahında daha aydın görmək mümkündür.
Belə ki, qabaqcadan düşünülmüş, planlı şəkildə konkret bir xalqın məhv edilməsinə yönəlmiş siyasət mənasını verən bu söz təəssüf ki, real həyatda xalqımızın da həyatında canlandırılmışdır. Son iki əsrdə Azərbaycan xalqı zaman-zaman erməni millətçilərinin soyqırımına məruz qalmaqla, olmazın vəhşiliklərlə, qətllərlə, deportasiya ilə üzləşmişdir. Tarixi torpaqlarımıza 200 il əvvəl köçürülmüş və “Böyük Ermənistan” yaratmaq kimi xəstə ideologiyanın təsiri altında olan erməni millətçiləri hələ 1905-1907-ci illərdə bu yerlərin əzəli sahibləri olan azərbaycanlıların qətliamını həyata keçirməklə əsl xislətlərini ortaya qoymuşdular. Terrorçuluq, vəhşilik, barbarlıq qanlarına hopmuş ermənilər uşaq, qoca, qadınlar da daxil olmaqla minlərlə insanımızı qılıncdan, süngüdən keçirmiş, diri-diri yandırmışlar.
1918-ci il hadisələri isə öz miqyasına görə daha böyük, tətbiq olunma üsul və vasitələrinə görə isə daha dəhşətli olmuşdu. 31 mart soyqırımı nəticəsində on minlərlə insan vəhşicəsinə qətlə yetirilmişdi. Tarixi faktların araşdırılması ilə məşğul olmuş Avstriyalı alim Erix Fayql özünün “Əsl terror. Erməni terrorizmi – səbəb və nəticələri” tədqiqat əsərində hadisəyə aydınlıq gətirmişdir. O, qeyd edirdi ki, erməni Şaumyanın əsas məqsədi nəyin bahasına olursa-olsun Bakını erməniləşdirmək, etnik təmizləmə siyasətini həyata keçirmək idi. 1918-ci ilin mart-aprel hadisələrinin miqyası o qədər böyükdür ki, o zaman Şamaxı qəzası adlandırılan ərazidə öldürülənlərin sayının 10 minlərlə olduğu barədə dəqiq məlumatlar vardır. Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı dəqiqdir. Erməni soyqırımı təkcə insanlığa qarşı olmayıb.
Bu vəhşilik, həm də milli memarlıq abidələrimizə, məktəblərimizə, xəstəxanalarımıza, məscidlərərimizə, yaşayış məntəqələrimizə qarşı həyata keçirmişdilər. Təsadüfi deyil ki, həmin vaxt Bakının böyük bir hissəsini xarabalığa çevrilmişdi. Təəssüf ki, Sovet hakimiyyəti dövründə aparılan ideoloji siyasət erməni vəhşiliklərinin məqsədli şəkildə unudulub yaddan çıxarılmasına istiqamətləndirildi. Lakin tariximizə, milli dəyərlərimizə hər zaman önəm verən, yaşadan və yaşatdıran Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı tarixi əhəmiyyətli Fərmanla “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” kimi elan etdi. Bundan sonra, soyqırım hadisələrinin öyrənilməsi istiqamətində araşdırılmalar aparılmağa, əsərlər yazılmağa, dünya ictimaiyyətinin bu yönümdə bilgilənməsi üçün xüsusi işlər görülməyə başlandı.
Həmin işlərin davamı olaraq Ulu Öndər siyasi kursunun layiqli varisi Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci il yanvar 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandı. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev, ilmək-ilmək işlədiyi bu günki zəfər yolumuza Ulu Öndər Heydər Əliyev ideyalarından bəhrələnməklə, yürütdüyü uğurlu siyasət nəticəsində günümüzün tarixinə unudulmaz naxışlar bəxş edib. Qürurla deyirik: Azərbaycan Qalib ölkədir, öz xalqı üçün ədaləti özü bərpa etməyə qadir güclü dövlətdir.
Azərbaycan artıq yeni tarix yazır, yeni zəfərlərə doğru addımlayır. Yeni tariximizin uğurlu yazarı isə bu günki gənc nəsildir. Məhz bu baxımdan gələcəkdə fəlakətlərin təkrarlanmaması, tariximizin yeni səhifələrini uğurlu hadisələr, qələbələrlə bəzəmək üçün onun bütün məqamlarını öyrənməli, bilməli, daha örnək tarix yazmaq naminə layiqli gələcək yetişdirməliyik. Buna görə də hər zaman tarixi hadisələrdən bəhrələnməli, keçmiş səhvlərimizdən ibrət almalı, qan yaddaşımızı heç vaxt unutmamalı, unutdurmamalıyıq.
Bəxtiyar Məhərrəmov
Neftçala rayonu

