İşgüzar nüfuzun qorunması məqsədilə Liv Bona Dea Hospital məhkəməyə müraciət edib

İşgüzar nüfuzun qorunması məqsədilə Liv Bona Dea Hospital məhkəməyə müraciət edib

Son dövrlərdə Liv Bona Dea Hospitalda əməliyyat olunmuş vətəndaş Nigar Köçərli tərəfindən şəxsi Instagram hesabı və digər sosial şəbəkə platformalarında xəstəxana haqqında həqiqəti əks etdirməyən paylaşımlar edilib. Hospital bu paylaşımların işgüzar nüfuzuna xələl gətirdiyini və hazırda davam etdiyini bildirib.

"BusinessTime" xəbər verir ki, bu hallarla bağlı olaraq, qanunvericiliyin tələblərinə uyğun şəkildə 31 yanvar 2026-cı il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edilib. İddia ərizəsinə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən qeydiyyata alınıb.

Xəstəxana açıqlamasında qeyd edib ki, Nigar Köçərli əvvəlki dövrdə müxtəlif narazılıqlarını səsləndirsə də, hüquqi addım atmayıb. Yalnız hospitalın məhkəməyə müraciətindən sonra qarşı tərəf vəkil ilə müqavilə bağlayaraq məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan edib.

Liv Bona Dea Hospital bütün məsələlərin yalnız qanun çərçivəsində və hüquqi müstəvidə həllinin tərəfdarı olduğunu vurğulayıb. Hospital işgüzar nüfuzuna və hüquqlarına vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etdiyini və hazırda əlavə açıqlama verməyə ehtiyac görmədiyini bildirib.

Yekun məhkəmə qərarı əldə edildikdən sonra ictimaiyyətə müvafiq məlumat təqdim olunacaq.