“AmCham Azərbaycan” və Dövlət Gömrük Komitəsi arasında işgüzar görüş keçirilib
Fevralın 2-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) və Dövlət Gömrük Komitəsinin nümayəndələri arasında görüş keçirilib.
“BusinessTime” xəbər verir ki, görüş “Ağ Sənəd 2025” nəşrində, eləcə də bu sənədə istinad edilərək bəzi media orqanlarında yer alan gömrük dəyərinin artırılması və bu sahədə beynəlxalq təcrübənin tətbiq edilməməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkil olunub.
Görüş zamanı “AmCham Azərbaycan” və Dövlət Gömrük Komitəsinin hər zaman açıq, şəffaf və konstruktiv dialoqa hazır olduqları vurğulanıb.
Dövlət Gömrük Komitəsində “Ağ Sənəd 2025” nəşrində qeyd olunan məsələlər üzrə Komitənin mövqeyi diqqətə çatdırılıb. Beynəlxalq əsaslar nəzərə alınmaqla gömrük dəyərləndirilməsi üzrə tətbiq olunan milli təcrübə, bu sahədə rəqəmsal alətlərdən istifadə, “sövdələşmə qiyməti” əsasında gömrük dəyərinin müəyyən edilməsi üsulunun tətbiqi, yaranan mübahisələrin həlli mexanizmləri və müvafiq statistik göstəricilər barədə məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin statistik məlumatlarına əsasən, “sövdələşmə üsulu” tətbiq edilən gömrük bəyannamələrinin 95 faizi üzrə xarici ticarət iştirakçıları tərəfindən bəyan edilən gömrük dəyəri olduğu kimi qəbul edilib. Gömrük dəyərinin dürüstləşdirilməsi məqsədilə təqdim edilən bildirişlər nəticəsində dürüstləşdirilmiş gömrük dəyəri isə ümumi idxal həcminin cəmi 1,2 faizini təşkil edib.
Yekunda “AmCham Azərbaycan” və Dövlət Gömrük Komitəsi arasında “Ağ Sənəd 2025” üzrə irəli sürülmüş tövsiyələrin ətraflı müzakirəsinin aparılması və nəticələri üzrə müvafiq məlumatların təqdim edilməsi nəzərdə tutulub.
Görüşdə “AmCham Azərbaycan” və Dövlət Gömrük Komitəsinin rəhbərliyi, o cümlədən hər iki tərəfin məsul şəxsləri iştirak ediblər.

