Qadın sağlamlığı mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
Əvvəlcə gənc ifaçı Rusif Abdullayev qonaqlar üçün tarda musiqi ifa edib. Bundan başqa, daha bir gənc istedad olan Elnarə Babazadənin əl işlərindən ibarət sərgi də nümayiş olunub.
Bədii hissədən sonra tədbirin digər hissəsinin açılışını 17 Nömrəli Şəhər Poliklinikasının həkimi və “Zəhra Xatun” Qadın İnkişaf Birliyinin rəhbəri Leyla Həsənova edib. O, öz həyat və fəaliyyətindən, “Zəhra Xatun”un yaranmasından, bu layihənin ərsəyə gəlməsindən və səbəblərindən danışıb. Natiq hər kəsi özünə diqqət ayırmağa və sağlamlığının fərqinə varmağa, özünü çox sevməyə çağıraraq, hər bir qonağa söz verib. Leyla Həsənova çıxışının sonunda qonaqlara qurumun rəsmi qeydiyyatdan keçdiyi bu bir il ərzində baş tutan tədbirlərin video çarxını təqdim edib.
Tədbirin xüsusi qonağı olan “Bella brendi isə məhsullarını təqdim edərək xanımlara hədiyyələr verib. Bundan sonra mütəxəssislər çıxış ediblər. Yoqa təlimçisi Səriyyə Həsənova xanımlarla nəfəs texnikası və meditasiya ilə məşğul olub.
Endokrinoloq-dietoloq Gülnar Qafarova isə tədbir iştirakçılarını sağlam qidalanma haqqında məlumatlandırıb, onların suallarını cavablandırdı.
Dermatoloq və gözəllik uzmanı Gülər Kamal dəriyə qulluq, üz dərisinə doğru qulluğun incəlikləri, yay fəslində dəri üçün lazımi baxımların sirlərindən danışıb.
Mama-Ginekoloq Vüsalə Səmədova Ginekoloji problemlər və onların həll yolları barəsində biliklərini bölüşüb.
Seminar xanımlar tərəfindən maraqla qarşılanıb. Bütün çıxışlardan sonra “Nəfis” kulinariyanın nəfis tortunu dadaraq çay süfrəsində söhbətə davam edilib. Tədbirin təşkilatçısı əsas mövzu kimi xanımların səhhəti, sağlam qadın, sağlam qadın-sağlam ana, sağlam ailə, sağlam uşaqlar, sağlam gələcək deyə başladıqları yolda onları tək qoymayan öz sahələrinin mütəxəssisi olan hər kəsə dərin təşəkkürünü bildirib.