“Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ” - ŞƏRH
Azərbaycan-Slovakiya münasibətləri son illərdə sürətlə inkişaf edərək strateji səviyyəyə yüksəlib. 1993-cü ildə əsası qoyulan diplomatik əlaqələr illər boyunca yüksək səviyyəli əməkdaşlıq, diplomatik əlaqələr, qarşılıqlı maraqlar, siyasi dəstək, inama və açıq dialoqa əsaslanmaqla müxtəlif iqtisadi layihələr vasitəsilə daha da möhkəmləndirilib.
Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso tərəfindən imzalanan Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə ilə bu münasibətlər yeni mərhələdə daha da genişləndirilib. Böyük əhəmiyyətə malik həmin sənəd iki ölkə arasında yeni siyasi xəttin başlanğıcını qoydu və Liderlər bununla Azərbaycan-Slovakiya münasibətlərində tamamilə yeni səhifənin açıldığını bəyan etdilər. Təqdirəlayiqdir ki, bu illər ərzində regionda müstəqil siyasət yürüdən hər iki ölkə təhlükəsizliyə və enerji sabitliyinə önəm verməklə bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il dekabrın 8-də Slovakiyaya etdiyi ilk rəsmi səfər bu əlaqələrin strateji məzmununu daha da gücləndirən xüsusi tarixi hadisəyə çevrilib. Bu səfər iki ölkə arasında münasibətlərin məzmununa yeni nəfəs, yeni bir ritm qazandıraraq, bu əməkdaşlığı diplomatik protokol çərçivəsindən real siyasi və iqtisadi hədəflərə yönəltdi. Bratislavada keçirilən görüşlərdə hər iki ölkənin Liderləri siyasi iradə və qarşılıqlı etimada əsaslanan önəmli mesajlar, bəyanatlar verdilər. Həmin bəyanətlar Azərbaycan və Slovakiya münasibətlərinin tərəfdaşlıq mərhələsindən ortaq maraqlar, qarşılıqlı dəstək və dostluq mərhələsində yüksək səviyyədə davam edəcəyindən, əldə edilən razılaşmalar, imzalanmış sənədlər və aparılan müzakirələr siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.
Bu yeni mərhələ Azərbaycan-Slovakiya münasibətlərini təkcə ikitərəfli formatda deyil, həm də Avropa və Avrasiya regionlarında sabitlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından strateji platformaya çevirmək potensialını özündə əks etdirir ki, bu da tərəflərin gələcəkdə daha genişmiqyaslı regional layihələrdə birgə iştirakını və əməkdaşlığın geosiyasi çəkisinin artmasını təmin edir. Göründüyü kimi möhtərəm Prezidentimiz İlham Əliyevin bəyanatında dost ölkələr ifadəsi heç də təsadüfi deyil.
Çünki son illərdə iki ölkə arasındakı dinamika, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin çərçivəsini, əməkdaşlığı konkret nəticələrə hesablanan real platformada özünü daha aydın göstərir. Belə ki, bu sənəddən sonra iqtisadiyyat, enerji, müdafiə sənayesi, mədəniyyət, biznes və digər sahələrdə qarşılıqlı fəaliyyət intensiv xarakter alıb. Slovakiyanın müstəqil və prinsipial xarici siyasəti, Azərbaycanın isə regional güc kimi formalaşdırdığı sabitlik və özünəinam bu tərəfdaşlığın məntiqi əsaslarını daha da gücləndirir.
Nəzakət Məmmədova
Neftçala rayonu

