“Texnologiya və Təhsil Dünyasında Dil” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
Layihənin əsas məqsədi Çin dilinin tədrisinin genişləndirilməsi, şagirdlərin beynəlxalq əlaqə və ünsiyyət bacarıqlarının gücləndirilməsi, onları müasir texnologiya və qlobal iqtisadiyyatın tələblərinə uyğun hazırlamaqla Azərbaycanın təhsil sisteminin modernləşməsinə töhfə verməkdir.
Layihə çərçivəsində Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin 7–11-ci siniflərində təhsil alan şagirdlərə Çin dilinin əsas səviyyələri üzrə danışıq, oxuma və yazma bacarıqları aşılanacaq.
Açılış mərasimində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli məktəbin direktoru Tahirə Səfərova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri-Mətanət Zeynalova , Yüzbəyova Fərqanə, Mehdiyeva Billurə çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, layihə Məmmədova Zeynəb tərəfindən Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə icra olunur.