Xocalı – qan yaddaşımız   

Xocalı –

XIX əsrin əvvəllərindən etibarən məqsədli şəkildə tarixi Azərbycan torpaqlarında məskunlaşdırılmış ermənilər bir müddət sonra özlərini heç də qonaq kimi aparmadılar. Havadarlarının tam dəstəyinə arxalanan mənfur toplum o qədər azğınlaşdı ki, onlara qucaq açan xalqımıza qarşı hətta soyqırımları, qətliamlar, terror aktları törətməyi bacardılar. Azərbaycan xalqı növbəti belə faciə ilə ötən əsrin sonlarında Xocalıda üzləşdi. Maştabına, törədilmə şəklinə nəzər saldıqda Xocalı qətliamı bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biridir.

Bu hadisə Ermənistanın xalqımıza qarşı başlatdığı hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Həmin gün, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni təpədən-dırnağa silahlanmış erməni quldur dəstələri o zaman Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə daxil olaraq bəşəri cinayəti–Xocalı soyqırımını  törətdi. Məhz o gün Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri yaşandı. Terrorçu, vandal, insanlıqdan xəbəri olmayan erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə girərək 613 dinc, əliyalın sakini vəhşicəsinə qətlə yetirdi, 1000 nəfər müxtəlif  yaşlı sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhər əhalisinin bir hissəsi qətliamdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən planlaşdırılmış pusqulara salındılar. O gecə terrorçu dəstələr amansızlıqla mülki, əliyalın əhalini, qoca, qadın, uşaq demədən qətlə yetirdilər. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatında göstərilirdi ki,  dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.

Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb. Tarix üçün çox keçmiş sayılmayan bu hadisənin şahidləri, çəkilmiş foto və video görüntülər, bunun kimi təkzibedilməz yüzlərlə fakt hadisənin soyqırımı olduğunu sübut edir. BMT-nin soyqırımı ilə bağlı bütün müddəalarının uyğun gəldiyi, insanlığa sığmayan vəhşiliyin, qəddarlığın törədildiyi bu faktı dünyanın beynəlxalq hüquqa hörmət edən dövlət və təşkilatları soyqırımı, qətliam kimi tanımışlar. Vandal düşmən xislətinə sadiq qalaraq, hətta sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər etmiş, onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışlar. Lakin bütün hallarda zaman öz işini görür. Saymaqla bitməyən cinayətlərini ört-bastır etməyə çalışan düşmən və onun havadarları bu gün qanun qarşısında cavab verir. 2020-ci ildə başlayan bu imtahanın nəticəsinin isə onlar üçün ağır nəticələnəcəyinə bu gün xalqımızda heç bir şübhə yoxdur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir Yumruğ”unun hələ nələrə qadir olduğunu da zaman göstərəcəkdir!

Hüsniyyə Ələkbərova;
Neftçala rayon ziyalısı