Zabux və Sus öz tarixi sakinlərini gözləyir

Zabux və Sus öz tarixi sakinlərini gözləyir

Alternativ Laçın yolunun üçtərəfli razılaşmada qeyd olunan müddətdən daha tez öz həllini tapması Azərbaycanın iqtisadi, siyasi gücünün növbəti göstəricisidir. İşğaldan azad edilmiş regionlarda mühüm infrastruktur layihələri həyata keçirən, həmin ərazilərə Böyük qayıdışın təmin olunması yönündə bütün gücünü səfərbər edən Azərbaycan qısa müddət ərzində Laçın şəhəri, Zabux və Sus kəndlərinin sakinlərinin də öz dədə-baba torpaqlarına qovuşmasına şərait yaradacaq.

İsmayıllının Basqal qəsəbəsində Azərbaycan televiziyasına müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq: “Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.

Laçın rayonunun inzibati ərazisinə daxil olan Zabux kəndi Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib, mövqeyinə görə Zabox (Zabux) adlanıb. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən Sadmanlı kəndləri də həmin adla adlandırılıb. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zabux kəndi strateji bir ərazi olduğu üçün ermənilər həmin əraziyə Suriya və Livandan erməniləri köçürüblər. 2006-cı ilin statistikasına görə, kəndin əhali sayı 570 nəfər təşkil edib. Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasında yerləşən Sus kəndi də eyni aqibətlə üzləşib. Belə ki, adıçəkilən köçürmələrdən sonra kənddə 250 nəfər xaricdən gətirilmiş erməni məskunlaşdırılıb.

Qeyd edildiyi kimi, işğal dövründə qeyri-qanuni məskunlaşma siyasətinə məruz qalan ərazilərimizdən Zabux və Sus kəndi artıq boşaldılır. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır: “Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”.

Bəlli olduğu kimi, Azərbaycan həmin ərazilərin boşaldılması üçün ermənilərə vaxt qoyub. Bu, Azərbaycanın növbəti siyasi-hərbi qələbəsidir. Artıq Ermənistan Azərbaycan dövlətinin irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətindədir. Regionda yaranan siyasi reallıqlar bunu deməyə əsas verir. Yeni yolun istifadəyə verilməsi də ölkəmizin bu məsələni qısa müddət ərzində həll etmək iqtidarında olduğunun göstəricisidir. Prezident İlham Əliyev bununla bağlı maraqlı məqamlar açıqlayıb. Belə ki, yeni yolla bağlı bəndin üçtərəfli Bəyanata salınması cənab Prezidentin qətiyyətinin nəticəsidir: “Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı”.
Göründüyü kimi, Prezident İlham Əliyev regionun gələcək strateji inkişafını, hətta bu strateji inkişafın yol xəritəsini müəyyənləşdirən liderdir. Ölkə başçısı hələ iki il öncə öz qətiyyəti sayəsində bu yolun tikintisini planlaşdırmaqla Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırılan ermənilərin torpaqlarımızı tərk etməsini təmin edib. Bu, düşmən ölkənin əlindəki “arqumentləri” də sıradan çıxarıb. Belə ki, artıq sülhməramlıların nəzarətində olmayan Zabuxda və Susda ermənilərin qalmasına ehtiyac yoxdur. Cənab Prezidentin də ifadə etdiyi kimi, onların hara gedəcəyi isə bizi maraqlandırmır.

Müəllif: Adil Axundov 
Göygöl rayonu Əlimədədli kənd ümumi orta məktəbin direktoru