DTX-nin əməliyyatı Fransaya ciddi sarsıntı yaşadıb

DTX-nin əməliyyatı Fransaya ciddi sarsıntı yaşadıb

Fransa xüsusi xidmət orqanlarının casus şəbəkəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa olunması qlobal xəbər gündəmində yer tutub. “Reuters”, "Deutsche Welle", "The Street Journal", "TRT World", "Le Monde", "TASS", "Radio Free" "Europe/Radio Liberty" və digər məşhur transmilli KİV-lər mövzu üzrə çoxsaylı xəbərlər yayıblar. Paralel şəkildə transsərhəd KİV-lər də insidenti diqqət mərkəzində saxlayıblar. Belə media orqanlarının sayı isə kifayət qədər çoxdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ekspert bildirib ki, qlobal ictimai rəy yaradıcısı olan KİV-lərin mövzuya yanaşmasında iki istiqamət diqqət çəkir: "Birinci istiqamət odur ki, əksər KİV-lər statistik informasiyalar yayır. Yəni, Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən casus şəbəkəsinin ifşa olunması, prosesin davamı olaraq Fransa səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması və nota verilməsi, həmçinin prosesdə rol alan iki nəfər diplomatik korpus nümayəndəsinin “arzuedilməz şəxs” elan edilərək ölkədən çıxarılması üzrə ilkin xəbərlər verilir. İkinci istiqamət isə odur ki, transmilli KİV-lər insidentin motivini açmağa çalışaraq şərhlər verirlər, Fransanın neqativ rolunu müzakirə edirlər. Bu kontekstdə Azərbaycanın təhlükəsizlik orqanlarının bacarıqları da önə çəkilir. Məsələ ondadır ki, Azərbaycan DTX-nin zərərsizləşdirdiyi şəbəkənin fəaliyyəti təkcə bizim ölkəmizin ərazisi ilə məhdudlaşmayıb. Ukrayna, Moldova, Gürcüstan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrini də əhatə edib. Belə geniş coğrafiyanı əhatə edən bir şəbəkənin məhz Azərbaycan təhlükəsizlik orqanları tərəfindən ifşa olunması diqqət çəkir. Ölkəmizin xüsusi xidmət orqanları Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edib. Bu sənədlər əsasında Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunublar. Bəziləri isə istintaq altındadır".

Müşfiq Ələsgərli əlavə edib ki, Azərbaycan DTX-nin bu əməliyyatı Fransa dövlətinə, xüsusilə prezident Emmanuel Makronun komandasına ciddi sarsıntı yaşadıb. Qərb mediası açıq mətnlə yazır ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin bu əməliyyatı Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük iflası və biabırçılığıdır.