UWC Azərbaycan Milli Komitəsi görüş keçirib

UWC Azərbaycan Milli Komitəsi görüş keçirib

Birləşmiş Dünya Kollecləri yəni UWC (United World Colleges) 4 qitədə və 18 ölkədə yerləşən məktəbləri ilə dünyanın ən nüfuzlu təhsil ocaqlarından hesab olunur.

Bu il quruluşunun 60 illiyini qeyd edən UWC, şagirdlərinə qabaqcıl İB (beynəlxalq bakalavriat) proqramı üzrə 11 və 12-ci sinif təhsili təqdim etməklə yanaşı, onları sülhməramlı və yardımsevər fərdlər olaraq yetişdirmək üçün təhsil proqramına çoxsaylı sinifdənkənar fəaliyyət əlavə etməsi ilə seçilir. Əzbərçi tədris metodundan uzaqlaşıb şagirdlərdə analitik düşüncə tərzi və tədqiqat kimi vacib bacarıqları təkmilləşdirdiyi, ən nəcib insani dəyərləri təlqin etdiyi üçün Avropanın kral ailələrinin varisləri, Nelson Mandelanın övladları və nəvələri, müasir dünya ölkələrinin dövlət və özəl sektorunun aparıcı nümayəndələri məhz UWC təhsili almağa üstünlük veriblər.

UWC təhsilini öz şagirdlərinə əlçatan edən 150-yə yaxın ölkədə fəaliyyət göstərən Milli Komitələrdir. Könüllü əsasda fəaliyyət göstərən Milli Komitələr ən istedadlı şagirdlərini seçərək UWC məktəblərinə yola salırlar.

2021-ci ildən etibarən könüllü əsasda bir araya gələn maarifpərvər  Azərbaycanlı gənclərin gərgin əməyi nəticəsində UWC Azərbaycanın Milli Komitəsi qurulmuşdur. Komitə bu qısa müddət ərzində UWC hərəkatında öz layiqli yerini tutmuş və artıq 8 Azərbaycanlı yeniyetməyə 80 faizdən çox təqaüdlə  Yaponiya, Norveç, İtaliya, Hindistan, Çin və Honkonqda yerləşən UWC məktəblərində təhsil imkanı təqdim etmişdir. Qeyd etmək lazımdır ki, UWC məktəblərində illik təhsil 50 000 – 120 000 manat məbləğindədir. Təqdim olunan təqaüdlərlə bu məktəblərdə ölkənin ən ucqar ərazilərindən olan aztəminatlı ailələrin istedadlı və əlaçı şagirdləri təhsil ala bilirlər.
Avqustun 6-da Milli Komitənin qurucu üzvlərindən Çingiz Camaloğlu, Aytən Şahmarova, Günel İsakova və yeni üzvü Anita Keşri unikal UWC fürsətini təqdim etdikləri şagirdlər və onların valideynləri ilə görüşüb. Görüşdə UWC Li Po Chun kollecinin, eləcə də Harvard və Stenford Universitetlərinin məzunu Çingiz Camaloğlu həm ümumilikdə UWC hərəkatı, həm də şəxsi təcrübəsindən danışdı. Harvard Universitetində qısa müddətli ixtisasartırma proqramının məzunu, ABŞ, Böyük Britaniya və Fransa dövlət proqramlarının qalibi Aytən Şahmarova isə Milli Komitənin fəaliyyəti və nailiyyətləri barədə şagirdləri və valideynlərini məlumatlandırdı. Bristol Universitetinin, ABŞ və Böyük Britaniya dövlət proqramlarının məzunu Günel İsakova şagirdləri UWC məktəblərində Azərbaycanı fəal şəkildə təmsil etməyə çağırıb.

Şagidlər, valideynlər daha yaxından tanış olmaqla yanaşı, böyüməkdə olan UWC Azərbaycan ailəsinin bir hissəsi olduqları üçün məmnunluqlarını dilə gətirdilər.

Milli Komitə UWC kimi qabaqcıl təhsil təcrübəsi ilə istedadlı şagirdlərimizin beynəlxalq təhsil arenasında daha da yüksələcəyindən və nəticədə Azərbaycanın  xeyrinə faydalı işlər görəcəyindən əmindir.