Vergi Məcəlləsinə edilmiş dəyişiklik mediasiya fəaliyyətinin inkişafı üçün mühüm addımdır

Vergi Məcəlləsinə edilmiş dəyişiklik mediasiya fəaliyyətinin inkişafı üçün mühüm addımdır.
Bu sözləri BusinessTime.az-a açıqlamasında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib.
O qeyd edib ki, mediator peşəsi cəmiyyətimiz üçün yeni peşədir və bu peşənin mövcudluğu, yeni peşə növü kimi meydana çıxması və fəaliyyəti, eyni zamanda mediator peşəsi nəticəsində əldə edilən uğurlarımıza görə ölkə başçısı Cənab Prezident İlham Əliyevə borcluyuq. Cənab Prezident tərəfindən imzalanan Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələrək mediator peşəsi inkişaf edir, cəmiyyətdə özü müsbət obrazı və nailiyyətləri ilə bir peşə növü kimi nüfuz qazanır.
Əlbəttə ki, Qanunvericilik prosesi hər zaman mütərəqqi yenilikləri, meydana çıxan problemləri tənzimləyən və davamlı bir prosesdir və bu prosesin mediasiya sahəsinə də müsbət təsiri bizi çox sevindirir. O qeyd edib ki, Vergilər məcəlləsinə edilən yeni dəyişiklikdə mediatorlar və mediasiya təşkilatları arasında imzalanan mülki müqavilə rejiminə aydınlıq gətirilməsi və eyni zamanda bu aydınlıq vasitəsi ilə ölkəmizdə aparılan mütərəqqi vergi islahatları sistemində mediatorlar və mediasiya təşkilatları arasında baş verən maliyyə münasibətlərində vergi və sosial ödənişlərin dəqiq çərçivələrinin müəyyən edilməsi olduqca mühüm addımdır.
Çünkü hər bir peşə növü ilə məşğul olan şəxs həmçinin vergi ödəyicisidir və vergilərin ödənilməsində, xüsusən də sosial müdafiə sahəsində peşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergi və sosial ödənişlərində vicdanlı iştirak hər kəs kimi həm də mediatorların borcudur. Ona görə də biz mediatorlar olaraq bu mütərəqqi dəyişikliyi öncədən də dəstəkləmişik və hazırda bu dəyişikliyin qüvvədə olmasından məmnunluğumuzu ifadə edirik.
N. Adilov qeyd edib ki, Dövlət Vergi Xidməti tərəfindən hər zaman Mediasiya Şurasının, mediasiya təşkilatlarının və mediatorların fəaliyyətinə dəstək göstərilib, diqqət ayrılıb və yeni peşə olan mediator peşəsinin inkişafı üçün bütün zəruri əməkdaşlıq edilib, edilir və ediləcək. Mediatorlar peşələrinin icrasına yeni başlayanda, mediatorlar və mediasiya təşkilatları arasında maliyyə münasibətlərini tənzimləyən və ölkəmiz üçün yeni olan mediatorlar və mediasiya təşkilatları arasında vahid mülki müqavilə nümunəsinin hazırlanmasında Dövlət Vergi Xidməti bizə ən yüksək səviyyədə dəstək göstərib.
Fürsətdən istifadə edib, Dövlət Vergi Xidmətinin rəhbərliyinə və mediatorlara qarşılaşdığı çətinliklərdə və suallarda dəstək olan hər bir əməkdaşına dərin təşəkkür edirik.