Azərbaycan memarlığının əsrlərini birləşdirən nümunələr
Azərbaycanın zəngin memarlıq tarixi və şəhərsalma mədəniyyəti yalnız paytaxt Bakı ilə məhdudlaşmır. Ölkənin hər bir guşəsi, hər bir qədim şəhəri bəşər sivilizasiyasına unikal incilər bəxş etmişdir. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də məhz bu çoxəsrlik irsin dərindən öyrənilməsi, bərpası və beynəlxalq miqyasda layiqincə tanıdılması məqsədinə xidmət edir. Azərbaycan dövləti şəhərsalma sahəsindəki sadiqliyini təkcə paytaxtı modernləşdirməklə deyil, həm də tarixi şəhərlərinin milli-memarlıq identifikasiyasını qorumaqla nümayiş etdirir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışında Prezident bu qədim mərkəzlərdən bəzilərini xüsusi qeyd etdi: vaxtilə qüdrətli Şirvanşahlar dövlətinin paytaxtı olmuş, XIV əsrin dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin vətəni Şamaxı şəhərində İslam dünyasının və Qafqazın ən qədim ibadətgahlarından biri — 743-cü ildə tikilmiş Şamaxı Cümə Məscidi ucalır. Digər bir tərəfdən, Atabəylər dövlətinin mərkəzi olmuş, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun XII əsrdə mühəndislik möcüzəsi kimi ərsəyə gətirdiyi Möminə xatun türbəsi memarlıq sənətimizin zirvəsidir.
Dünyanın ən qədim şəhərlərindən olan, XII əsr intibahının mərkəzi və dahi Nizami Gəncəvinin yurdu Gəncə bu gün öz tarixi simasını qorumaqla bərabər, Bakı kimi böyük bir sənaye və mədəniyyət mərkəzinə çevrilmişdir. Qafqaz Albaniyası dövlətinin qədim paytaxtı Qəbələ və tarixi ipəkçilik mərkəzi olan Şəki şəhərləri də saysız-hesabsız abidələri ilə fəxr edə bilər. Şəki yaxınlığındakı Kiş kəndində yerləşən qədim alban kilsəsi planetin ən erkən xristian məbədlərindən biri hesab olunur. Azərbaycan xalqının hələ əsrlər öncə mühəndislik və şəhər infrastrukturunda çatdığı yüksək səviyyəni göstərən ən parlaq misallardan biri isə Lahıc kəndidir. 15 əsr bundan əvvəl salınmış bu dağ kəndində insanlar elə bir yeraltı kanalizasiya və su təchizatı sistemi qurmuşlar ki, həmin sistem bu gün də tam işlək vəziyyətdədir. Nəhayət, 30 ilə yaxın müddətdə işğal altında qalan, lakin ruhu sındırıla bilməyən Qarabağın tacı Şuşa şəhəri bu gün tarixi qalasının, məscidlərinin və küçələrinin bərpası ilə sıfırdan, öz milli memarlıq üslubunda yenidən doğulur. Bu tarixi irs bizim musiqimizdə, şeirimizdə olduğu kimi, daşların yaddaşında da yaşayır və bizim əsas vəzifəmiz bu milli sərvəti gələcək nəsillərə bütöv şəkildə ötürməkdir.
Nəzakət Məmmədova
Neftçala rayonu


