Məcnun Məmmədo balıqçılıq sahəsindəki yeni hədəfləri AÇIQLADI
"Biomüxtəliflik insanların rifahı, ərzaq təhlükəsizliyi, iqlim sabitliyi və dayanıqlı sosial-iqtisadi inkişaf üçün mühüm rol oynayır".
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, bu baxımdan, balıq və digər su bioresursları biomüxtəlifliyin mühüm tərkib hissəsi olmaqla yanaşı, ərzaq təminatı, məşğulluq, kənd yerlərinin inkişafı, ekoloji tarazlıq və iqtisadi fəaliyyət baxımından strateji əhəmiyyətə malikdir:
"Dəniz, çay, göl və digər su hövzələrində bioloji müxtəlifliyin qorunması balıq ehtiyatlarının dayanıqlı idarəolunması ilə birbaşa bağlıdır. Su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası, qeyri-qanuni ovçuluğun qarşısının alınması və akvakulturanın ekoloji baxımdan davamlı şəkildə inkişaf etdirilməsi biomüxtəlifliyin mühafizəsinin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası biomüxtəlifliyin mühafizəsi sahəsində beynəlxalq öhdəliklərə uyğun olaraq ardıcıl tədbirlər həyata keçirməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqəti nəticəsində balıqçılıq və akvakultura üzrə dövlət siyasəti ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Müasir infrastrukturun yaradılması, beynəlxalq təcrübənin tətbiqi və sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi bu siyasətin əsas prioritetləri sırasında yer alır. Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi ölkədə nadir və nəsli kəsilməkdə olan növlərin qorunması, balıqmühafizə, balıqartırma, eləcə də bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görür. Mərkəz balıqçılıq və akvakultura sahəsində dayanıqlı idarəetmə biomüxtəlifliyin qorunmasına, ekosistemin mühafizəsinə və təbii ehtiyatlardan səmərəli istifadəyə mühüm töhfə verir.
Eyni zamanda, Xəzər dənizində və daxili su hövzələrində su bioresurslarının qorunması, balıqartırma tədbirlərinin həyata keçirilməsi, balıqçılıq fəaliyyətinə nəzarətin gücləndirilməsi və akvakultura sahəsində müasir yanaşmaların tətbiqi bizim əsas hədəflərimizdəndir.
Xüsusilə qeyd etmək istərdim ki, biomüxtəlifliyin qorunması məsələsində dövlət qurumları ilə yanaşı, yerli icmaların, elm və təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin fəal iştirakı vacib əhəmiyyət kəsb edir. Belə ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu gündən başlayaraq ay ərzində Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin su hövzələrinə 150 min nərə körpəsinin buraxılması, növbəti aylarda isə balıq sayının 500 minə qədər yüksəldilməsi planlaşdırılıb. Bununla yanaşı, payız aylarında 50 min qızılbalıq körpələrinin yetişdirilərək ölkədaxili su hövzələrinə buraxılması nəzərdə tutulur".
Nazir bildirib ki, biomüxtəlifliyin qorunması yalnız ekoloji və aqrar məsələ deyil, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyətdir:
"Təbiətin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi olduqca əhəmiyyətlidir.
Əminəm ki, birgə səylər nəticəsində biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf sahəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq".
İlkin İzzət


