PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib

PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib

13-cü Ümumdünya Şəhərsalma Forumu — WUF13 çərçivəsində Azərbaycan Pavilyonunun Networking Area zonasında “Smart Cities in Post-Conflict Reconstruction: The Case of the Shusha Master Plan” mövzusunda panel müzakirəsi keçirilib. 

Azərbaycanın daşınmaz əmlakın inkişafı, investisiyası və idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan PMD Group və memarlıq, masterplanlaşdırma və şəhərsalma üzrə beynəlxalq təcrübəyə malik Chapman Taylor-un iştirakı ilə baş tutan sessiyada post-münaqişə dövründə şəhərlərin yenidən qurulması, ağıllı şəhər yanaşmalarının tətbiqi, dayanıqlı planlaşdırma və uzunmüddətli urban inkişaf məsələləri müzakirə olunub.

Müzakirədə Chapman Taylor nümayəndəsi Marcelina Zielinska, həmçinin PMD Group-un Daşınmaz Əmlakın İnkişafı üzrə Direktoru Aykut Bülbül və Daşınmaz Əmlakın İnkişafı üzrə Rəhbəri Kamil Əliyev iştirak ediblər. Spikerlər Daşaltı Baş Planı nümunəsində tarixi və mədəni kimliyin qorunması, müasir infrastruktur həllərinin tətbiqi, ictimai məkanların formalaşdırılması və insan yönümlü şəhər mühitinin yaradılması ilə bağlı fikirlərini bölüşüblər.

Sessiya zamanı post-münaqişə ərazilərində şəhərsalma prosesinə ağıllı texnologiyaların necə inteqrasiya oluna biləcəyi, bərpa layihələrində dayanıqlılıq prinsiplərinin rolu və şəhərlərin gələcək inkişafında planlaşdırmanın əhəmiyyəti diqqətə çatdırıldı. Müzakirədə həmçinin Şuşa və Daşaltı layihələrinin turizm potensialı, mədəni irsin qorunması və bölgədə keyfiyyətli yaşayış mühitinin formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.

WUF13-ün “Housing the World: Safe and Resilient Cities and Communities” mövzusu ilə səsləşən müzakirə şəhərlərin yalnız fiziki infrastrukturdan ibarət olmadığını, eyni zamanda təhlükəsiz, dayanıqlı, funksional və gələcəyə yönəlmiş yaşayış mühiti kimi formalaşdırılmasının vacibliyini ön plana çıxarıb.