Deputat anım mərasiminə qatılıb
Milli Məclisin deputatı Aydın Hüseynov ötən il Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində həlak olan AzTV-nin şəhid operatoru Sirac Abışovun ildönümü mərasimində iştirak edib.
Deputat şəhidin ailə üzvləri ilə görüşüb, Allahdan onlara səbr diləyib. Bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbənin qazanılmasına yumruq kimi birləşən xalqımızın sağlam düşüncəli hər bir nümayəndəsi öz töhfəsini verib. AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və digərləri vətən müharibəsinin ilk günlərindən rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini, döyüş meydanında əldə etdiyi misilsiz uğurları barədə xəbərləri xalqımıza və dünyaya çatdırmaq üçün gecə-gündüz yorulmadan çalışıb. Cəbhə bölgəsinə ezam olunmuş media nümayəndələri düşmən atəşi altında çoxsaylı çəkilişlər aparıblar.
Aydın Hüseynov onu da vurğulayıb ki, müharibə başa çatdıqdan sonra azad edilmiş torpaqlarda aylarla çalışan çəkiliş qrupunun üzvləri erməni vandalizminin, viran edilmiş yurd yerlərinin görüntülərini lentə alaraq arxivləşdiriblər. Bir sözlə, onlar şərəfli missiyanı üzərlərinə götürərək layiqincə yerinə yetiriblər.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

