Azərbaycan qlobal çağırışların həlli üzrə ümumi səylərə öz töhfəsini verir

Azərbaycan qlobal çağırışların həlli üzrə ümumi səylərə öz töhfəsini verir

Azərbaycanın sağlam ətraf mühit kursu: COP29 – iqlim dəyişikliyi ilə mübarizədə liderliyə gedən yol

Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) qarşıdan gələn 29-cu Tərəflər Konfransına ev sahibliyi etməsi ölkənin ekoloji dayanıqlığının təmin edilməsi strategiyasında əsas mərhələ olacaq.

2024-cü ilin “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilməsi kontekstində bu qlobal tədbirin ölkəmizdə keçirilməsinə qərar verilməsi şərəfli missiya olmaqla yanaşı, həm də eyni zamanda iqtisadiyyatın bütün sahələrində ekoloji davamlılıq və Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinə ciddi riayət etmək kimi böyük məsuliyyət qoyur. Gəlin bəzi vacib məqamlara diqqət edək.

Dinamik inkişaf edən neft sektoruna malik Azərbaycanın tarixi keçmişi və potensialı onun davamlı inkişaf yolunu müəyyən edib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalanandan bəri ölkədə neft hasilatı və ixracına əsaslanan nəzərəçarpacaq iqtisadi yüksəliş müşahidə olunub. Bununla belə, davamlı inkişafa “yaşıl” yanaşma tələbinin mövcud tendensiyaları, təbii resursların ehtiyatlı idarə edilməsi zərurəti və təbii ki, neft bazarlarında qeyri-sabitlik və iqtisadi çətinliklərdən əldə olunan təcrübə iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığı azaltmaq və “Holland sindromu” adlanan - iqtisadiyyatın bir sektorunun güclü inkişaf etdirilməsi, bu halda təbii ehtiyatlardan istifadə, bütövlükdə ölkə iqtisadiyyatına ziyan vura biləcək paradoksal haldan qaçmaq üçün imkan yaratmışdır. “Holland sindromu”nun mümkün nəticələri milli valyutanın məzənnəsinin artması, sürətlə inkişaf edən sektorlar və xidmət sektoru ilə müqayisədə istehsal sektorunun azalmasıdır. Lakin ölkəmiz bütün proqnozların əksinə olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etmiş neft-qaz sənayesinin qurulmasına və onu bütün tərəfdaşlar üçün investisiya nöqteyi-nəzərindən cəlbedici etməyə, neft gəlirlərini yatırmaqla qeyri-neft sektorunu vaxtında inkişaf etdirməyə, həm də “yaşıl” enerji sektorunun inkişafına vaxtında başlayaraq həm investorlar, və həm də potensial alıcılar üçün cəlbedici model qurmağa nail olmuşdur.

Son illər Azərbaycanın iqtisadi strategiyasında ciddi dəyişiklik baş verib. Belə ki, ölkədə qeyri-neft sektorunun inkişafı ilə yanaşı, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi strategiyasının əsas sütunlarından birinə - bərpa olunan və alternativ enerji mənbələrindən istifadə etməklə elektrik enerjisinin Avropaya ixracına böyük əhəmiyyət verilir. Və xarakterik olan odur ki, Azərbaycan təmiz enerji potensialından istifadə etməklə təkcə karbon qazı emissiyalarını azaltmağa deyil, həm də qlobal yaşıl enerji bazarında əsas oyunçu mövqeyini tutmağa çalışır. Bu uzaqgörən yanaşma aşağı karbonlu iqtisadiyyata keçid üçün beynəlxalq səylərə uyğundur.

Təxminən 10,4 milyon nəfər əhalisi olan Azərbaycan, ümumi qlobal emissiyaların həcmində payı cəmi 0,15%-ni təşkil etsə də, emissiyaların qarşısının alınmasına və təsirlərinin azaldılmasına mühüm töhfə verir. Azərbaycan karbon emissiyalarının azaldılmasına və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqinə yönəlmiş müxtəlif təşəbbüslər və siyasi qərarlar vasitəsilə davamlı inkişaf və ətraf mühitin mühafizəsində fəal iştirak edir.

Azərbaycanın Paris Sazişinə qoşulması və istixana qazları tullantılarının azaldılmasına yönəlmiş siyasi qərarların qəbulu nümayiş etdirdiyi kimi, iqlim dəyişikliyi ilə mübarizədə sadiq iştirakçıdır. 2015-ci ildə emissiyaları 2030-cu ilə qədər 35%, 2023-cü ildə isə 2050-ci ilə qədər 40% azaltmaq öhdəliyi götürməklə Azərbaycan temperaturun yüksəlməsinin qarşısını almaq və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün qlobal səylərə töhfə vermək əzmini nümayiş etdirir.

Bərpa olunan enerji mənbələrinə keçid Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə strategiyasının əsas elementidir. 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq kimi iddialı hədəfləri olan Azərbaycan bu sahədəki potensialından, o cümlədən külək, günəş, biokütlə, geotermal və hidroenergetika resurslarından fəal şəkildə istifadə edir. Əvvəllər Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi bərpa olunan enerjinin inkişafı, Azərbaycanın yaşıl enerji ambisiyalarının gücləndirilməsi üçün əlavə imkanlar açıb.

Azərbaycanın azad edilmiş rayonları “sıfır emissiya” zonalarına çevirmək planları onun karbon qazı tullantılarının azaldılmasına və bu regionlarda yaşıl enerji potensialının maksimuma çatdırılmasına, enerjiyə qənaət edən texnologiyalardan istifadə və infrastruktur layihələrinin yaradılmasında qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verməklə davamlı inkişafa və ətraf mühitin mühafizəsinə sadiqliyini açıq şəkildə nümayiş etdirir.

Bundan başqa, Azərbaycanın Xəzər dənizi sektorunda 157 GVt potensiala malik dəniz külək enerjisi ehtiyatlarının inkişafı və enerji portfelinin daha da şaxələndirilməsi və qlobal dekarbonizasiya səylərinə töhfə vermək üçün gözəl perspektivləri var.

COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal fəaliyyət üçün həlledici platformadır, çünki tərəflər ən aktual problemləri həll etmək üçün bir araya gəlirlər. Gündəlikdəki əsas məsələlər arasında tərəflərin iqlimin maliyyələşdirilməsi (NCQG) üzrə kollektiv kəmiyyət hədəfi üzrə konsensusa nail olacağı gözlənilir. Bu, bütün dünyada iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma səylərini dəstəkləmək üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına maliyyə töhfəsi üçün hədəflər təyin etmək imkanı verəcək. Bundan əlavə, Paris Sazişinin 6-cı maddəsi üzrə müzakirələr davam etdiriləcək, əsas diqqət karbon bazarları və davamlı inkişaf üzrə beynəlxalq əməkdaşlıq mexanizmlərinə yönəldiləcək.

İqlim dəyişikliyinin geri dönməz təsirləri ilə üzləşən, xüsusən də onun təsirlərinə ən həssas olan ölkələrə kritik dəstək vermək məqsədi daşıyan “İtgilər və Zərər Fondunun” yaradılması böyük əhəmiyyət kəsb edir. Beləliklə, COP29 hamı üçün daha davamlı gələcəyə doğru çalışaraq, tərəflərə iqlim fəaliyyəti, həmrəylik və ədalətlə bağlı öhdəliklərini yeniləmək imkanı verəcək.

Sonda qeyd etmək istərdim ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin ekoloji dayanıqlığa və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini dünya miqyasında nümayiş etdirmək üçün unikal fürsətdir. Bərpa olunan enerjidən istifadə etməklə, emissiyaları azaltmaqla və bütün ölkə üzrə yaşıl inkişafa diqqət yetirməklə və işğaldan azad edilmiş ərazilərdə işlərə diqqət yetirməklə Azərbaycan təkcə öz maraqlarını irəli sürmür, həm də iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışların həlli üzrə ümumi səylərə öz töhfəsini verir. Dünya daha dayanıqlı gələcəyə can atarkən enerji ilə zəngin Azərbaycan dinamik iqtisadi artımını qoruyub saxlamaqla yanaşı, iqlimin qorunmasında aparıcı rol oynayır və qlobal temperatur artımını Selsi üzrə 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq cəhdlərinə sadiqdir.

İqlim dəyişikliyinin mənfi təsirlərinin hər il daha da pisləşməsi və fəaliyyət üçün pəncərənin sürətlə bağlanması şəraitində bütün ölkələr karbonsuzlaşma, iqtisadiyyatlarını yaşıllaşdırmaq və davamlılıq yaratmaq səylərini artırmalıdır.

Nazim Məmmədov,
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Ətraf Mühit Layihələrinin rəhbəri