Onlar Azərbaycana ildə 3 dəfə vizasız gələ biləcəklər

Onlar Azərbaycana ildə

Azərbaycan Dövlət Miqrasiya Xidməti Çin Xalq Respublikası vətəndaşlarının ölkəmizə vizasız gediş-gəlişi ilə bağlı məlumat yayıb.

Xidmətdən  verilən məlumatda bildirilib ki, sözügedən vətəndaşlar 1 il ərzində 3 dəfə Azərbaycana vizasız qaydada səfər edə və hər səfərində 30 günədək ölkədə qala bilərlər.

“İyulun 3-də qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən irəli gələrək etibarlı ümumvətəndaş pasportuna malik Çin Xalq Respublikasının vətəndaşları 20 iyul 2024-cü il tarixindən 20 iyul 2025-ci il tarixinədək olan 1 il ərzində 3 dəfə Azərbaycana vizasız qaydada səfər edə və hər səfərində 30 günədək ölkədə qala bilərlər.

Sözügedən şəxslər Azərbaycan ərazisində 15  gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Müvafiq dövr ərzində 3 dəfədən çox Azərbaycana səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər”, - rəsmi məlumatda vurğulanıb.