“AzərEnerji” Laçında ixtisaslaşdırma və işəgötürmə kursları təşkil edib - FOTOLAR
Laçın rayonunda tikilən kiçik su elektrik stansiyalarında işlə təmin olunan əməkdaşların təhsil və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Azərenerji” ASC Dövlət Məşğulluq Agentliyi ilə birlikdə 4 mərhələdən ibarət “Hidrotexniki qurğuların istismarı” üzrə praktik təlim-kursu keçirib.
Bu barədə "BusinessTime"a qurumdan məlumat verilib.
Təlimdə Laçın rayonu ərazisində 9 yerdə istismara verilən Kiçik Su Elektrik Stansiyalarında çalışan 36 nəfər işçi iştirak edib. Onlardan məhz 7 nəfəri hazırda ərazidə məskunlaşan əhali arasından seçilərək yerindəcə işlə təmin olunanlardır. Ümumilikdə isə 36 nəfərdən 26 nəfəri Laçın rayonundan olan məcburi köçkünlərdir və onlardan 19 nəfəri yaxın vaxtlarda dövlət tərəfindən evlə təmin ediləcək.
“AzərEnerji”nin təşkil etdiyi kurslar bitdikdən sonra Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları ilə birlikdə təlimdə iştirak edən işçilərə “Sertifikatlar” təqdim edilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı “Azərenerji” ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması və yerli əhalinin daimi işlə təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətin strukturunda “Qarabağ Regional Elektrik Şəbəkəsi” və “Yaşıl Enerji Elektrik Stansiyaları” MMC-lər yaradılıb. Nəticədə bu günədək 500-ə yaxın insan daimi işlə təmin edilib ki, onların mütləq əksəriyyəti işğaldan azad olunan rayonların sakinləridir.
“AzərEnerji” ASC-nin Tədris Mərkəzi və “Yaşıl Enerji” MMC strukturlarının Laçında həyata keçirdiyi kurslar, o cümlədən sertfikatların verilməsi prosesi analoji olaraq Kəlbəcər, Zəngilan və digər ərazilərdə də keçirilir və keçiriləcək.