Azərbaycanlı prodüserin filmi Las Veqasda "ən yaxşı real hadisəli film" seçilib
Gənc prodüsser Vüqar Tahirovun istehsalı olan "Qaçmağa icazə verin” (Let Me Run) qısametrajlı filmi 2021-ci ildə “Action on Film MegaFest Annual Film Festival and Writers' Competition” Film festivalında, "ən yaxşı real hadisəli film" nominasiyasında qalib olub. Festival Nevada ştatının Las Veqas şəhərində keçirilib.
Məlumat üçün bildirək ki, bu film 2019-2021-ci illərdə müxtəlif beynəlxalq film festivallarında bir çox nominasiyalarda qalib olub. Bunlara "Canada Shorts - Canadian & international short film, 2019" festivalında "ən yaxşı beynəlxalq qısametrajlı film", “Hollywood Just4Shorts Film and Screenplay Competition, 2019” film festivalında "Ən yaxşı qısametrajlı film" və “Hollywood International Moving Pictures Film, 2019” festivalında "Ən yaxşı döyüş və triller" və 2020-ci ildə Londonda Keçirilən “Fighting Spirit” film festivalında “Ən yaxşı xarici film” nominasiyaları daxildir. Elmar Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri, bütün çətinliklərə baxmayaraq maneələri dəf edən Orxan adlı fiziki məhdudiyyətli gənc barədədir. Filmdə baş rolu Tural Manafov ifa edir.
Qeyd edək ki, “Qaçmağa icazə verin” qısametrajlı filmi Los Angelesdə, Nyu Yorkda, Torontoda keçirilən beynəlxalq festivallarda da müxtəlif nominasiyalarda qalib olub.
Prodüser Vüqar Tahirov haqqında
Filmin prodüseri Vüqar Tahirov Bakıda anadan olub. Gənc yaşlarından Kapoeyra döyüş sənəti ilə məşğul olan Tahirov Azərbaycanı 2009-cu ildə Portuqaliyada Keçirilən Avropa Çempionatında, 2010-cu ildə Braziliyanın Rio de Janeiro və 2011-ci ildə Londrina şəhərində keçirilən Dünya Çempionatı turnirlərində təmsil edib. Kapoeyra döyüş növündə əldə etdiyi uğurlar onu film sənayesinə yönəldir. Onun məşqçisi, sonradan kinorejissor və prodüser olan Elmar Bayramov tez-tez milli komanda üzvlərinin turnirlərdəki müntəzəm çıxışlarını lentə alardı. Gənc yaşlarında V.Tahirov, Elmar Bayramovun və digər kinorejissorların müxtəlif film çəkilişlərində fotoqraf olaraq çalışmağa başlayıb. Bu təcrübələr ona kamera operatoru və redaktor kimi özünü inkişaf etdirmək şansı verib və zamanla o bədii filmlərdə, sənədli filmlərdə, qısa və kommersiya filmlərində müxtəlif vəzifələri icra edib.