“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun növbəti iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” İşçi Qrupunun 18 iyul 2024-cü il tarixində Mərkəzi Bankın əsas inzibati binasında növbəti iclası keçirilib.
"BusinessTime" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi təqdim edildi. Təqdimatda qeyd olundu ki, Yol Xəritəsində yaşıl maliyyə üzrə hüquqi çərçivənin təkmilləşdirilməsi, kredit büroları və reyestrlərin fəaliyyətinin gücləndirilməsi, gender maliyyəsinin təşviqi, habelə praktikada maliyyə xidmətlərinin əldə edilməsinin səmərəliliyinin artırılması kimi mühüm tədbirlərin icrası nəzərdə tutulub. Həmçinin, İşçi Qrupun 30 aprel tarixli əvvəlki iclasında qəbul edilmiş qərarların icra vəziyyəti barədə görüş iştirakçıları məlumatlandırıldı. İclasda İşçi Qrupun 2024-cü il üzrə Fəaliyyət Planı çərçivəsində 1-ci yarımil ərzində görülmüş işlər barədə də ətraflı məlumatlar təqdim edildi və müzakirələr aparıldı.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Fondunun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Azərbaycan Kredit Bürosunun, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri və özəl sektorun İşçi Qrupunda təmsil olunan üzvləri iştirak etdi.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupuna rəhbərliyi Mərkəzi Bank həyata keçirir.