Hədəf gənc hüquqşünas şəbəkəsini formalaşdırmaqdır
“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədovanın e-huquq.az-a müsahibəsini təqdim edirik:
- Nilgün xanım, “Femida Könüllüləri” Təşkilatı artıq 6 aydır ki, fəaliyyət göstərir. Ötən müddət ərzində Təşkilat tərəfindən hansı işlər görülüb?
- Bildiyiniz kimi, ötən ilin 1 oktyabr tarixindən “Femida Könüllüləri” Təşkilatı tərəfindən könüllülük proqramı start götürdü. İlkin olaraq, könüllülər Azərbaycan Respublikasının Ali Məhkəməsi, Nərimanov Rayon Məhkəməsi, Yasamal Rayon Məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsi və Məhkəmə-Hüquq Şurasında fəaliyyətə başladılar. Daha sonra fəaliyyətimiz Sabunçu, Binəqədi və Nəsimi rayon məhkəmələrini də əhatə etdi. Ümumilikdə 134 könüllü ötən ilin oktyabr-yanvar aylar ərzində qeyd olunan məhkəmələrdə könüllü fəaliyyəti göstərdilər. Sevindirici haldır ki, 29 noyabr tarixində “Femida Könüllüləri Təşkilatı” ictimai birliyi Ədliyyə Nazirliyinin “Qeyri kommersiya qurumlarının dövlət reyestri”nə daxil edildi və əlbəttə ki, Təşkilatın dövlət qeydiyyatına alınması fəaliyyətimizə verilən dəstək və dəyərin göstəricisidir.
- Ümumiyyətlə, könüllülük fəaliyyəti necə təşkil olunur?
- Bizim sıralarımıza qoşulmaq istəytən könüllülər veb-saytımız - themisvolunteers.az vasitəsilə elektron qeydiyyatdan keçdikdən sonra müsahibə mərhələsinə dəvət edilirlər. Müsahibə zamanı müəyyən kriteriyalara cavab verən könüllülər, müvafiq qruplar üzrə fəaliyyətə başlayırlar. Təbiidir ki, onların təhsil və ya yaşayış ünvanı da nəzərə alınır. Könüllülər məhkəmədə fəaliyyətə başladıqdan sonra təşkilat tərəfindən ilkin təlimə cəlb olunur, burada onlara fəaliyyət planı, qiymətləndirmə mərhələləri, müəyyən sosial-etik davranış qaydaları ilə bağlı məlumatlar verilir. Könüllük fəaliyyəti 2 pillədən ibarətdir - STEP I və STEP II. Könüllü ilkin olaraq STEP I mərhələsini ixtisaslaşmış və rayon məhkəmələrində həyata keçirir. Qiymətləndirmədən uğurla keçən könüllülər, STEP II mərhələsində fəaliyyətini davam etmək şansı əldə edirlər. Bu mərhələdə könüllülər öz fəaliyyətlərini artıq Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Bakı Apellyasiya Məhkəməsində davam etdirirlər.
- Könüllülərin qiymətləndirilmə məsələsinə toxundunuz. Maraqlıdır, bu proses necə aparılır?
- Könüllünün qiymətləndirilməsi də 2 mərhələdən ibarət olur - ilkin və yekun qiymətləndirmə. İlkin qiymətləndirmə könüllü fəaliyyətə başladıqdan 40 gün sonra olur və bu zaman könüllülər yazılı şəkildə 5 açıq tipli sualı cavablayırlar. Burada suallar hüquq nəzəriyyəsi, məhkəmə-hüquq sistemi ilə bağlı ümumi dəyərləndirmə tipli mövzular üzrə qoyulur. Bu qiymətləndirmədə əsas qiymət meyarı könüllünün yazı, fikrini ifadə etmə və ya inandırma bacarıqları ilə ölçülür. Suallar subyektiv suallar olduğundan burada səhv və ya düz cavablar olmur. Yekun qiymətləndirmə isə könüllünün fəaliyyətinin sonunda həyata keçirilir və artıq burada 25 qapalı tipli sual təqdim olunur. Yekun qiymətləndirmə elektron formada həyata keçirilir. Burada suallar müxtəlif hüquq sahələri, ümumi dünyagörüşü və dövlətçilik tarixi ilə əlaqəli olur. Hər iki qiymətləndirmə ümumi 50 bal təşkil edir və sonda könüllünün fəaliyyət zamanı müxtəlif layihələrdə iştirak aktivliyi, məhkəmə tərəfindən verilən rəylər də əlavə ballar kimi hesablanır.
- Nilgün xanım, “Femida Könüllüləri” Təşkilarının əsas hədəfləri nələrdən ibarətdir və gələcək faəliyyətinizdə hansı yeniliklərin şahidi olacağıq?
- Təşkilatımızın yaxın, orta və uzaq hədəfləri mövcuddur. Yaxın hədəfləri bir cümlə ilə desək, daha öncə yuxarıda qeyd etdiyim məsəslələrin dayanıqlı şəkildə təşkili və hüquq təhsili alan gənclər arasında bu fəaliyyətin vərdiş halını almasıdır. Orta hədəfimiz vətənpərvər, konstruktiv düşüncəli və qlobal hüquq mexanizmlərini operativ təhlil edərək tətbiq edə bilən gənc hüquqşünas şəbəkəsini formalaşdırmaqdır. Uzaq hədəfimiz isə hüquq sahəsində gənc kadrların formalaşdırılması üzrə beynəlxalq nümunəyə çevrilərək, digər ölkələrdə Azərbaycan nümunəsini tətbiq etməkdir.
Təşkilatımız təsis edildiyi gündən, əsas məqsədimiz hüquq sahəsində könüllülərin iştirakçılığının artırılması, dövlətimiz tərəfindən həyata keçirilən gənclər siyasətini təbliğ etmək, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində görülən işlərə dəstək olmaqdır. Buna görə könüllülərimiz mütəmadi olaraq yeni layihələrə cəlb olunur və artıq bizim fəaliyyətimiz artıq 8 məhkəmə ilə məhdudlaşmır. Femida könüllüləri Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə 22 məhkəmədə fəaliyyət göstərirlər. Gələcəkdə fəaliyyətimizin daha da genişlənməsi nəzərdə tutulur. Bu layihələr sırasına həm vətəndaşların maarifləndirməsi, həm də könüllülərimizin peşəkar inkişafının təmin edilməsi istiqamətində tədbirlər daxildir.