Azərbaycan dilinin inkişafında Heydər Əliyev imzası

Azərbaycan dilinin inkişafında Heydər Əliyev imzası

Minilliklərdən uzanan tariximizin simvolu, xalqımızın qədimliyinin təsdiqidir ana dilimiz.. Ulu Qorqud Dədəmizdən günümüzə və sabahımıza əmanət qürur mənbəyimizdir dilimiz. 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Millətimiz, xalqımız tərəfindən sevə-sevə qeyd edilən bu tarixi gün, milli kimliyimizin əsası, xalqımızın ictimai-siyasi həyatı ilə yanaşı, bütün varlığının, yaşamının təcəssümü, milli dəyərlərimizə qayıdışın əvəzsiz imzasıdır. Bu imzanın müəllifi və bu tarixi günün xalqımıza bəxşedicisi isə azərbaycançılıq ideyasının yaradıcısı, milli-mənəvi dəyərlərin qoruyucusu Ulu Öndər Heydər Əliyevdir. Bəli, dünənimizdən  yadigar, gələcəyimizə isə Ümummilli  Lider Heydər Əliyev tərəfindən hədsiz sevgi ilə əmanət olunan dövlətçilik və millətçiliyimiz yolunda sadiqliyin, dəyərin ən böyük  nümunəsidir bu gün. Tariximizə nəzər salsaq görərik ki, dilimiz də torpaqlarımız, ərazilərimiz kimi zaman-zaman təcavüzə, qəsdə məruz qalmış, planlı assimilyasiyalarla üzləşərək ağır repressiyalar dönəmini yaşamışdır. Məqsəd isə aydındır-keşməkeşli tariximizdən boylanan xalqımızın əzab və məhrumiyyətləri bahasına milli düşmənlərimiz tərəfindən millətimizin öz kökündən qoparılması, qədim ənənələr və dəyərlərimizdən uzaqlaşdırılması, zəngin ədəbi nümunələrimizdən ayrı salınmasına yönəlik qərəzli planlar olmuşdur. Bəli, xalqa edilən bəlkə də ən böyük qəsddir, onun dilindən və əlifbasından vurulması.

Belə ki, Azərbaycan xalqı tarixin gedişatı ilə ayrı-ayrı dönəmlərdə müxtəlif əlifbalardan istifadə etmiş, yalnız XX əsrin əvvəllərində latın qrafikalı yeni əlifbaya keçilmişdir. Bu baxımdan da, 1922-ci ildə Azərbaycan hökumətinin xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulmasını təmin etmək məqsədilə əlifbamızın dəyişilməsi qərarı ana dilimizin qorunması və inkişafı yolunda ilk mərhələnin təməli hesab etmək olar. 1923-cü ildən başlanılmış, 1929-cu ildə başa çatdırılmış bu mərhələ  Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifbanın tətbiqi işini həyata keçirmişdi. Çox təəssüf ki bu proses uzun sürmədi, xalqımız qısa bir aradan sonra yeni bir əlifba dəyişimi ilə üzləşdi. Latın qrafikalı əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş millətimizə təmamilə yad olan yeni əlifba ilə əvəz olundu.

Milli varlığımızdan, kökümüzdən ayrı salınmağa istiqamətləndirilmiş bu keçidlər, nəinki yazılı ədəbiyyatımıza, xüsusən də tariximizə böyük zərbələr vurdu, xalqımızın hədsiz məhrumiyyətlərlə üzləşməsinə, çox itkilər yaşamasına səbəb oldu. Ulu Öndər demişdir:“... Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir.” Bu gün dünya xalqları sırasında Azərbaycan adlı müstəqil dövlətin eyni adlı dövlət dili olan Azərbaycan xalqı layiq olduğu ən böyük uğurlarını yaşayır. Bu əlbəttə ki, vətənimizin yetişdirdiyi böyük oğulların səyinin, əməyinin nəticəsində əldə olunmuşdur. Bu bir faktdır ki, Heydər Əliyev hələ hakimiyyətinin ilk illərində, rus-sovet şovinist rejiminin ağır dönəmlərində belə milli dəyərlərimizə sadiqliyini göstərmiş, dilimizin qorunması və inkişafı istiqamətində mühüm addımlar atmışdır. 1978-ci ildə rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində o vaxtkı SSRİ rəhbərliyinin etirazlarına baxmayaraq Heydər Əliyev böyük qətiyyətlə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilməsinə nail olmuş, gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən biri olan ana dilimizi məharətlə qorumağı bacarmışdı. Heydər Əliyev hakimiyyətinin sonrakı dönəmlərində də bu müqəddəs vəzifəni layiqincə davam etdirdi və xalq qarşısında ən böyük tarixi missiyasını həyata keçirdi. Belə ki, 1991-ci il dekabr ayının 25-də qəbul edilmiş “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”, 1992-ci il dekabrın 22-də  imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunlarının praktikaya yönəldilməsini təmin edən sənədin məhz onun imzası ilə tarixə düşməsi bunun bariz nümunəsidir.  

Beləliklə də, ölkədə latın qrafikalı milli əlifbaya keçid prosesi Ümummili Lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanı ilə 79 ildən sonra öz tarixi əsasına yenidən qovuşdurdu, əhəmiyyətini daha da artırdı. 2001-ci il avqustun 9-da Ulu Öndər tərəfindən daha bir tarixi əhəmiyyətli Fərman imzalandı. Məhz həmin fərmanla 1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. O vaxtdan  etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci ildə artıq Qanunların ən alilərindən biri olan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilir. Bütün bunlar Azərbaycan dilinə dövlət qayğısının nəticəsi, Ulu Öndərin ana dilimizə hədsiz sevgisinin yüksək nümunəsi, xalq qarşısında misilsiz xidmətlərindən biri idi. Ulu Öndər Heydər Əliyevin dil siyasəti bu gün Azərbaycanın Müzəffər Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Doğma dilimizə, milli dəyərlərimizə hər zaman böyük həssaslıqla yanaşan, “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” fikirlərinin müəllifi Möhtərəm Prezidentimiz İlham Əliyev həyata keçirdiyi dövlət siyasətində ana dilimizin qorunması və dilçiliyimizin inkişafı üçün mühüm işlər görür. Ölkə Başçısı hələ hakimiyyətinin ilk illərində kütləvi nəşrlərin latın qrafikasına keçidini təmin edən, şəxsi təşəbbüsü ilə Azərbaycan ədəbiyyatını, milli düşüncəni əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi ilə bağlı mühüm işlər həyata keçirmişdi. Onun 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də, əlifba ilə bağlı problemləri tamamilə aradan qaldırdı. Bəli, tarix boyu Azərbaycanın dahi oğulları Azərbaycan dilinin keşiyində, müdafiəsində mətanətlə dayandı, onun təəssübünü çəkdi, haqqını qorudu.

Dədə Qorquddan Nizamiyə, Füzulidən Vaqifə, Aşıq Ələsgərdən Axundova, Sabirə, Müşfiq, Hüseyn Cavid və xalqımızın yüz illər, min illər boyu yetirdiyi neçə-neçə təfəkkür sahiblərinin, dəyərli söz, sənət incilərinin sevərək can verdiyi doğma ana dilimizin qorunmasını Heydər Əliyev müdrik uzaqgörənliklə yaşatdı, hazırda isə bu şərəfli missiya möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev dühasının ana dilimizin, dilçiliyimizin mühafizəsi və inkişafı naminə apardığı məqsədyönlü siyasi addımlar millilik və azərbaycançılıq ideologiyasına misilsiz xidmətinin şərəf nümunəsidir. Azərbaycan dilinə Heydər Əliyev sevgisini, bütün dövrlərə, bütün zamanlara örnək sevdasını hər daim hörmətlə yad edir, ruhu qarşısında dönə-dönə baş əyirik.

Nəzakət Quluqızı;
Neftçala rayon sakini, ictimai fəal