Məqsədimiz “Made in Turan” markasına xüsusi güzəştlər əldə etməkdir
Mayın 2-3-də Bakıda “Türk Dövlətləri İqtisadi Forumu 2024”ün keçirilməsinin əsas məqsədi türkdilli ölkələrin markalarını dünyaya tanıtmaqdır.
Bunu BusinessTime-a açıqlamasında Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov deyib.
Onun sözlərinə görə, türkdilli ölkələr arasında ilk dəfə keçirilən tədbir bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır.
“Forumda “Made in Turan” markası elan olunub. Bu markanın əsas hədəfi Turan ölkələrinin istehsal elədiyi məhsulların markalaşmaya keçid etməsidir. Türk Dövlətləri şirkətlərinin bununla bağlı hədəfləri var. Müvafiq dövlətlərin gömrük təşkilatları ilə də danışıqlarımız olacaq. Məqsədimiz “Made in Turan” markasına xüsusi güzəştlər əldə etmək və xüsusi ixrac imkanları yaratmaqdır”, - deyə o qeyd edib.