Rəsmi Bakının dünyada artan nüfuzu!

Rəsmi Bakının dünyada artan nüfuzu!

Ölkəmiz tarixən təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların kəsişdiyi yer deyil, həm də siyasi, iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin də qovuşduğu məkan kimi tanınıb. Bu mənada hər zaman diqqət mərkəzində olan Azərbaycan zaman-zaman qarşılaşdığı problemlərlə mübarizədə beynəlxalq prinsiplərə uyğun siyasət yürütmüşdür.

Daim ədalətli, balanslı, əməkdaşlığa açıq siyasət nümayiş etdirən ölkəmiz bu gün də əsas prinsiplərinə sadiqlik nümayiş etdirir. Zaman keçdikcə görürük ki, dünyada gedən mürəkkəb proseslər sivilizasiyaların dialoquna daha çox ehtiyac vardır. Mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm rola malikdir. 2008-ci ildən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” ötən müddət ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yaradıb. Qürurvericidir ki, Azərbaycan hər zaman öz təcrübəsini bölüşməyə hazır olan bir dövlət qismində çıxış edir. Son illərdə ölkə başçısı cənab İlham Əliyev müxtəlif məsələlərdə qlobal həmrəyliyin təmin olunmasına hesablanan bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən də Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində minnətdarlıqla qarşılanaraq qəbul olunub. Beynəlxalq səviyyədə artıq Azərbaycan brendi kimi tanınan “Bakı prosesi” də belə təşəbbüslərdən biridir. Dünya gündəliyinə daxil olan bu təşəbbüs respublikamızın tarixdən gələn zəngin multikultural ənənələrinə, xoş məramına əsaslanır və qlobal miqyasda mədəniyyətlərarası dialoqa, birgəyaşayışa töhfələr vermək məqsədi daşıyır. Bu günlərdə “Bakı prosesi” çərçivəsində paytaxtımız daha bir mötəbər tədbirə - “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi etdi. Bakı Konqres Mərkəzində baş tutan Forumda 100-dən çox ölkədən gəlmiş mötəbər qonaqlar iştirak etmişdir.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən cənab Prezident bildirmişdir ki, mədəniyyətlərarası dialoq elə bir məfhumdur ki, ölkəmiz onu güclü şəkildə təşviq edir. Cənab Prezident əminliklə qeyd etmişdir ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər Bakıda həmrəylik nümayiş etdirəcək, əsl liderlik göstərəcəklər. Yaxşı bilirik ki, dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bəli, “Bakı prosesi” cənab İlham Əliyevin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. 

Eldəniz Muradov;
Neftçala rayonu, müəllim