“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib
Cari ilin birinci rübündə “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib.
BusinessTime BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən xəbər verir ki, “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü 7,4 faiz artaraq hazırda gündə təxminən 79,5 milyon (ildə təqribən 29 milyard) standart kubmetr təşkil edir.
Hesabat dövründə “Şahdəniz 2” layihəsi çərçivəsində daha bir uğurlu irəliləyiş olub. Fevralın 13-də, bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılandan sonra yatağın şərq-şimal cinahından hasilat başlanıb. Bununla da “Şahdəniz 2” layihəsinə daxil olan beş sualtı işlənmə cinahının əhatə etdiyi bütün sualtı infrastruktur – bütün sualtı boru kəmərləri, hasilat manifoldları, sualtı elastik kabellər və birbaşa elektrik isitmə sistemi uğurla təhvil verilmiş olub.
Xankəndi sualtı tikinti gəmisi “Şahdəniz 2” çərçivəsində göstərdiyi xidmətlərin həcmini genişləndirərək layihənin quraşdırma və istismaravermə işləri ilə yanaşı yatağın işlənməsi ilə bağlı daimi fəaliyyətlərə də dəstək verməyə başlayıb. Bura hazırda istismarda olan bütün “Şahdəniz 2” sualtı hasilat obyektlərində aparılan müxtəlif xidmətlər, tədqiqatlar və müdaxilə işləri daxildir.
Birinci rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
Rüb ərzində İstiqlal və Heydər Əliyev qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Bura şərq-şimal cinahında SDH03 quyusunun tamamlama işləri və qərb cinahında SDD05 quyusunun qazma işlərinin başlanması daxildir.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.