“Azərbaycanın yeni rəqəmsal arxitekturası”

“Azərbaycanın yeni rəqəmsal arxitekturası”

Süni intellektin tətbiqi dövlət idarəçiliyində artıq seçim deyil, zərurətə çevrilib. Dünyanın aparıcı ölkələrində dövlət strukturları rəqəmsal transformasiya prosesini sürətləndirərək qərarvermə mexanizmlərində süni intellekt alətlərindən geniş istifadə edirlər.

Bu, idarəetmədə operativliyi artırır, insan faktorundan qaynaqlanan səhvləri minimuma endirir, şəffaflığı və hesabatlılığı gücləndirir. Dövlət qurumlarında süni intellekt agentlərinin tətbiqi bir neçə istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Birincisi, böyük həcmli məlumatların emalı və təhlili sürətlənir. Məsələn, sosial siyasət, vergi, səhiyyə, təhsil və digər sahələrdə toplanan məlumatların düzgün analiz olunması daha əsaslandırılmış qərarların qəbuluna imkan yaradır. İkincisi, risklərin əvvəlcədən proqnozlaşdırılması mümkün olur. Süni intellekt modelləri potensial problemləri qabaqcadan müəyyən edə və alternativ həll yolları təklif edə bilir. Üçüncüsü, dövlət xidmətlərinin keyfiyyəti yüksəlir – vətəndaş müraciətlərinin avtomatlaşdırılmış cavablandırılması, sənədlərin emalı, xidmətlərin rəqəmsal platformalarda optimallaşdırılması və s.

Bu baxımdan rəhbər vəzifələrdə təmsil olunan şəxslərin də süni intellektdən istifadə bacarıqlarının artırılması vacibdir. Rəhbər heyət texnoloji imkanları dərindən anlamalı, qərarvermə prosesində analitik alətlərdən faydalanmalı və innovativ yanaşmaları təşviq etməlidir. Dövlət idarəçiliyində strateji planlaşdırma artıq yalnız ənənəvi üsullarla deyil, süni intellektin təqdim etdiyi ssenari modelləşdirmə və proqnozlaşdırma imkanları ilə həyata keçirilməlidir. Özəl sektorun bu prosesə inteqrasiyası da xüsusi əhəmiyyət kəsb edir. İnnovasiyaların əsas hərəkətverici qüvvəsi məhz özəl sektordur. Dövlət burada təşviqedici və dəstəkləyici rol oynamalıdır. Vergi güzəştləri, qrant proqramları, startap ekosisteminin gücləndirilməsi, texnoparkların və innovasiya mərkəzlərinin inkişafı kimi mexanizmlər tətbiq oluna bilər. Eyni zamanda, dövlət-özəl tərəfdaşlığı çərçivəsində süni intellekt layihələrinin birgə icrası təşviq edilməlidir. Bu, həm yerli texnoloji şirkətlərin inkişafına, həm də ölkəyə xarici investisiyaların cəlbinə şərait yaradar. Kibertəhlükəsizlik məsələsi isə süni intellektlə paralel şəkildə prioritet istiqamət kimi müəyyən olunmalıdır. Beynəlxalq əməkdaşlıq məsələsi də strateji əhəmiyyət daşıyır. Dünyanın aparıcı texnologiya şirkətləri ilə sıx təmaslar qurulmalı, qabaqcıl təcrübə öyrənilməli və ölkəyə transfer edilməlidir.  Eyni zamanda, insan kapitalının inkişafı xüsusi yer tutur. Ali təhsil müəssisələrində süni intellekt, məlumat elmi və kibertəhlükəsizlik ixtisasları genişləndirilməli, peşəkar kadr hazırlığı gücləndirilməlidir.

Dövlət proqramları çərçivəsində beynəlxalq təcrübə mübadiləsi, xarici təhsil və sertifikasiya imkanları artırılmalıdır. Bu günlərdə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edən Dövlət başçısı cənab İlham Əliyev nitqində bir çox istiqamətlərə, xüsusilə də süni intellekt mövzusuna diqqət çəkdi. Nəticə etibarilə, süni intellekt və kibertəhlükəsizlik sahəsi Azərbaycanın strateji inkişaf prioritetlərindən biri kimi müəyyən olunmalıdır. Bu istiqamətdə siyasi iradənin mövcudluğu, məsələnin ali səviyyədə nəzarətdə saxlanılması və kompleks yanaşmanın tətbiqi ölkənin rəqəmsal gələcəyini təmin edə bilər. Məqsəd yalnız texnologiyadan istifadə etmək deyil, həm də bu sahədə regional lider mövqeyə yüksəlməkdir.

Xanım Kərimova
Neftçala rayonu