İllüziyalar olmadan marketinq: KPI və sprint sistemi ilə xaosu necə idarə etmək olar 

İllüziyalar olmadan marketinq: KPI və sprint sistemi ilə xaosu necə idarə etmək olar 

Müasir idarəetmə və biznes mühitində KPI (Əsas Performans Göstəriciləri) sistemi həm şirkətlərin fəaliyyətinin qiymətləndirilməsi, həm də əməkdaşların effektivliyinin ölçülməsi baxımından mühüm alətlərdən biri hesab olunur.

Bu səbəbdən də müsahibimiz Səbinə Məmmədova ilə söhbətdə KPI yanaşmasının tətbiqi, üstünlükləri və real iş mühitində yaratdığı təsirlərdən danışdıq.

— Səbinə, şirkətlərin böyüməsinə ən çox nə mane olur?

— Ən böyük maneə sistem yoxluğudur. Bir çox şirkət marketinqi ayrı-ayrı hərəkətlər kimi görür: “reklam verək”, “post paylaşaq”, “bloger tapaq”. Amma məqsəd, KPI-lar və proseslər yoxdursa, bu fəaliyyətlər bir-birinə bağlanmır və nəticədə marketinq xaosa çevrilir. Pul xərclənir, amma səbəb-nəticə əlaqəsi görünmür: nə işləyir, nə işləmir və niyə.

— Siz “sistem” deyəndə konkret nəyi nəzərdə tutursunuz?

— Sistem o deməkdir ki, marketinq biznes məqsədi ilə ölçülə bilən metrikalar arasında məntiqi körpü yaradır. Məsələn, məqsəd satışdırsa, biz yalnız nəticə göstəricisini yox, aparıcı göstəriciləri də idarə edirik: trafik keyfiyyəti, konversiya, lead və ya müştərinin qiyməti (CPL/CAC), retention və təkrar alış. Bu göstəricilər izlənəndə qərarlar hisslə yox, data ilə verilir

— “KPI ağacı” nədir?

— KPI ağacı məqsəddən metrikalara gedən xəritədir. Yəni bir məqsədin altına onu təsir edən metrikaları düzürük: məsələn, “satış” üçün trafik → konversiya → müştəri dəyəri → retention. Bu struktur marketinq komandasına aydınlıq verir: həftəlik nəyi yaxşılaşdırsaq, nəticə necə dəyişəcək. KPI ağacı olmadan şirkətlər çox vaxt yalnız “gözəl kontent” və ya “daha çox reklam” düşünür, amma əsas problem başqa yerdə olur. 

— Niyə“sprint” sistemində israr edirsiniz?

— Sprint intizamdır. Marketinq təsadüfi fəaliyyət deyil, idarə olunan ritm olmalıdır. Hər həftə aydın olmalıdır: nə edirik, hansı hipotezi test edirik, hansı metrikaya baxırıq və hansı qərarı veririk. Sprint olmayan yerdə aylardır iş gedir, amma ölçü yoxdur, nəticə yoxdur, komanda isə “görünməyən iş” edir. Sprint həm işi görünən edir, həm də hesabatlılıq yaradır. 

— Bu sprint sistemi praktikada necə görünür?

— Biz adətən belə qururuq: həftənin əvvəlində plan və prioritetlər, həftə ərzində icra və testlər, həftənin sonunda KPI snapshot və “nə öyrəndik?” sualı. Bundan əlavə, aylıq performance review olur: kanal nəticələri, xərclər, funnel problemləri, növbəti ayın prioritetləri. Belə olanda marketinq “kampaniyalar toplusu” yox, proses olur.


— Fokusunuz startaplar və SMB-lərdir. Niyə məhz onlar?

— Çünki ən ağrılı problem onlardadır: böyük marketinq şöbəsi saxlaya bilmirlər, amma böyüməyə çox ehtiyacları var. Startap və SMB üçün ən yaxşı çıxış yolu marketinq funksiyasını sistem kimi qurmaqdır: strategiya + icra + analitika + hesabat. Mənim məqsədim onlara “marketinqi idarə olunan funksiya” kimi qurmaqda kömək etməkdir — sanki daxildə real marketinq komandası var.

— AI barədə fikriniz?

— AI-ni sürətləndirici alət kimi görürəm. Araşdırma, variantlar, qaralamalar, analiz üçün çox faydalıdır. Amma son qərar mütləq mütəxəssisə məxsus olmalıdır. Brend dili, iddialar, rəqəmlər, hüquqi risk daşıyan hissələr insan nəzarətindən keçməlidir. AI kömək edir, amma məsuliyyəti insan daşıyır. 

— Sizin üçün yaxşı marketinqin ən dürüst kriteriyası nədir?

— Şəffaflıq və ölçüləbilənlik. Yəni şirkət bilməlidir: hansı addım hansı effekti verdi, hansı kanal nə gətirdi, hansı test uğurlu oldu, növbəti həftə nəyi dəyişirik. Marketinqin ən güclü tərəfi “gözəllik” deyil — idarəolunanlıqdır. 

— Bu yanaşmanı bir cümlə ilə necə təsvir edərdiniz?

— Marketinqi emosiyadan çıxarıb sistemə çevirmək: KPI-lar, sprint ritmi, test intizamı və aydın hesabatlılıq.