Hantavirus nədir və necə yayılır?
Hantavirus gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə yayılır.
Son günlər ayrı-ayrı ölkələrdə hantavirusun qeydə alınması ilə bağlı xəbərlər təsdiqlənib. Dünya Səhiyyə Təşkilatı virusun yayılmasının qarşısını almaq məqsədilə müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir. Bu səbəbdən hantavirusun daha geniş yayılıb-yayılmaması məsələsi aktualdır. Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi məlumat yayıb ki, Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur. Bildirilib ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. Nazirlik epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb. Qeyd edilib ki, mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır.
Bəs hantavirus nədən yaranır və necə yayılır?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla İqtisadiyyat.az-a açıqlamasında fikirlərini bölüşüb. Onun sözlərinə görə, hantavirusun təbiətdə əsas rezervuarları siçanlar və gəmiricilərdir və onlar əsasən “xamyak” dediyimiz siçanlarda və s. yayılıb.
A.Qeybulla bildirib ki, bu virusun ən çox təhlükəli növlərindən biri isə maral siçanlarından yayılıb: “Maral siçanları boynu uzun siçanlardır və onlar daha çox Şimali və Cənubi Amerikada olub və Avropaya da gəlib. Bu siçanlar dəniz limanlarında və fermalarda daha çox olub. Bu siçanlar hantavirusun təbii daşıyıcılarıdır və virusun bir neçə qorxulu ştamı var. Bunlardan biri “Andes” ştamıdır, hansı ki, dünyada yayılıb və insandan insana keçdiyi düşünülür. Təhlükə budur və Ümumdünya Səhiyyə Təşkilatını da əslində səfərbər edən budur. İkinci “Sinnorte” ştamıdır. “Sinnorte” ştamı çox ciddi şəkildə kardiopulmonal - yəni ürək və ağciyər ağırlaşmaları yaradır. Bir ştam da hemoragik qızdırma və renal sindrom yaradır, yəni böyrəklərin çatışmazlığına səbəb olur. Bu daha ağır gedən, ağır gedişə malik olan ştamlardır ki, bunların ölüm göstəriciləri 70 faizə yaxınlaşır və ona görə də virus təhlükəli hesab edilir, mütəmadi olaraq bu cür viruslardan ölüm halları da qeyd olunur”.
A.Qeybulla söyləyib ki, hal-hazırda onun artıq kruiz gəmisi vasitəsilə yayılması, ortada konkret ölüm halının, ağır xəstələrin olması bu gün Ümumdünya Səhiyyə Təşkilatını səfərbər edib: “Virusun yoluxduqdan sonra 1-8 həftə müddətində gizli dövrü ola bilər, sonra onun əlamətləri üzə çıxır. Biz qloballaşan dünyada yaşayırıq və virusun tozları müxtəlif yollarla - siçanların sidiyindən, nəcisindən, ağız suyundan olan tozlar daşınan müxtəlif yüklər vasitəsilə yayıla bilər. Virusun bu gün pandemiya yaratmaq potensialı yoxdur. Amma əgər bu virusun insandan insana yoluxmaq təhlükəsi artıq yaranıbsa, bu o deməkdir ki, bunun hava damcı yolu ilə keçməsi təhlükəsi də yaranır. Biz diqqətli və sayıq olmalıyıq və bu infeksiya mümkün qədər tez lokallaşdırılmalıdır”.


