Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Tatarməhlə kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasi irsinin təntənəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurlu davamı kimi formalaşıb və möhkəmlənib. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun möhkəm təməlləri yaradılıb. Dahi lider Heydər Əliyevin siyasi irsi milli dövlətçilik ideologiyasına, sabitliyə, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlığa əsaslanaraq Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Bu gün ölkəmizin əldə etdiyi uğurlar, dayanıqlı iqtisadi inkişaf, güclü sosial siyasət və milli maraqlara əsaslanan xarici siyasət məhz həmin irsin məntiqi nəticəsidir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, möhkəm dövlətçilik prinsipləri və milli maraqlara əsaslanan strateji xəttinin parlaq təntənəsidir. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, siyasi sabitliyin təmin edilməsi və davamlı inkişaf yoluna çıxması məhz Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində mümkün olub. 1990-cı illərin əvvəllərində ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət idarəçiliyində yaranan boşluqlar, daxili çəkişmələr və qardaş qırğını təhlükəsi Azərbaycanın müstəqilliyini real təhlükə altına salmışdı. Belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi parçalanmadan və xaosdan xilas etdi. Ulu Öndərin qətiyyətli addımları nəticəsində qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, qanunçuluq təmin edildi və dövlət institutları möhkəmləndirildi. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri gücləndirildi, iqtisadi islahatların əsası qoyuldu və gələcək inkişaf üçün möhkəm təməl yaradıldı.
RİH-in başçısı qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçib, regionun aparıcı dövlətinə çevrilib və beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, iqtisadi gücünün artması və sosial rifahın yüksəldilməsi həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, güclü dövlət, dayanıqlı iqtisadiyyat və milli həmrəylik prinsipləri əsasında inkişafını davam etdirir. Bu siyasi irs Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun və kənddaxili yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, işlə təmin olunma, kənddə körpələr evi-uşaq bağçasının açılması, kollektor-drenaj kanalının qazılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.