Mediasiya xidmətlərinin tətbiqi diqqət mərkəzində saxlanılır

Mediasiya xidmətlərinin tətbiqi diqqət mərkəzində saxlanılır

“Ailə daxili mübahisələrin mediasiya prosesləri vasitəsi ilə həllində psixoloqların rolu” adlı Konfrans keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. 
Mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunması məqsədilə qeyd edilən Dövlət Proqramının  8.4.6-cı yarımbəndində ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi aidiyyəti qurumlara tapşırılmışdır
.
Aidiyyəti qurumlar - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mediasiya Şurası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı 9 Saylı Mediasiya Təşkilatının dəstəyi ilə Dövlət Proqramında qeyd olunan tədbirlərin daha səmərəli icrası baxımından mediasiya proseslərində psixoloqların iştirakının təmin edilməsi məsələlərinə həsr edilmiş “Ailə daxili mübahisələrin mediasiya prosesləri vasitəsi ilə həllində psixoloqların rolu” adlı Konfrans təşkil edilmişdir. 

Bu baxımdan mediasiya proseslərinin tətbiqi zamanı meydana çıxan suallardan biri də həmin proseslərdə psixoloqların və psixologiya sahəsində fəaliyyət göstərən təşkilatların iştirakı məsələləri geniş müzakirə edilmiş və təkliflər dinlənilmişdir. 

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədr müavini Faiq Ağayev, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev açılış və salamlama nitqi ilə çıxış etmişdir. Onlar qurumlar tərəfindən bu sahədə görülən işlər sahəsində məlumat verib və müzakirələrin səmərəli olması məqsədi ilə tədbirdə iştirak edən mediatorlar və psixoloqlardan təkliflərin verilməsini və bu təkliflərin tətbiqində yaxından iştirak etmələrini təklif etdilər. 

Konfransda eyni zamanda psixi sağlamlıq və psixoloji problemlərin həlli üzrə həkim-psixiatr, stresin idarəetməsi (stress management) üzrə aparıcı ekspert Həlimə Qəmərlinskaya çıxış edərək qeyd edilən sahədə psixoloqların fəaliyyətinin tənzimlənməsi, bu sahədə nəzarət, qiymətləndirmə, monitorinq və sertifikasiyanın, eyni zamanda psixoloqların reyestrinin aparılmasının vacib olduğunu diqqətə çatdırdı. O qeyd etdi ki, bu sahədə tənzimləyici qurumun yaradılmasına ciddi zərurət var. 

Daha sonra Türkiyə Respublikasında geniş tədbiq edilən təhsil mediasiyası sahəsində Türkiyə Universitetlərinin təcrübəsi barədə Türkiyə Respublikası İstanbul Gedik Universitetinin rektoru Dr. Professor Ahmet Kesik çıxış edib, Türkiyə təcrübəsi barədə fikirlərini bildirdi. Konfrans müzakirələr və təkliflərin verilməsi ilə başa çatdı.