“Milli Güc” anlayışı, onun komponentləri və Azərbaycan kontekstində formalaşması

“Milli Güc” anlayışı, onun komponentləri və
Tarix elmləri üzrə fəlsəfə doktoru Emin Əliyev

Dövlətin beynəlxalq sistemdə mövqeyini müəyyən edən ən fundamental amillərdən biri onun milli gücüdür. Milli güc dedikdə, dövlətin mövcud resurslarını səfərbər etmək, təhlükəsizliyini təmin etmək, milli maraqlarını müdafiə etmək və beynəlxalq müstəvidə təsir imkanlarını genişləndirmək bacarığı başa düşülür. Bu anlayış yalnız maddi resurslar - hərbi qüdrət, iqtisadi potensial və təbii sərvətlər ilə məhdudlaşmır, eyni zamanda xalqın milli iradəsini, cəmiyyətin sosial həmrəyliyini, intellektual inkişaf səviyyəsini, idarəetmə effektivliyini və mənəvi dayanıqlığını da özündə ehtiva edir. 

Milli güc anlayışı kompleks və çoxşaxəli kateqoriyadır. O, dövlətin resurs potensialını, idarəetmə qabiliyyətini və cəmiyyətin mənəvi-iradi keyfiyyətlərini özündə birləşdirən sistemli bir struktur kimi çıxış edir. Müxtəlif tədqiqatçılar milli gücü fərqli modellərlə izah etmişlər: bəzi alimlər onu yalnız hərbi və iqtisadi sahə ilə məhdudlaşdırmış, digərləri isə sosial, texnoloji, diplomatik və mədəni amilləri də daxil etmişlər. 

Ümumi yanaşmaya görə, milli güc siyasi, iqtisadi, hərbi, sosial, mədəni, elmi-texnoloji və aqrar komponentlərdən ibarətdir.  

1. Siyasi güc
Siyasi güc milli gücün strateji koordinasiya mərkəzi kimi çıxış edir və dövlətin bütün digər komponentlərinin - iqtisadi, hərbi, sosial və mədəni potensialın qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsini təmin edən əsas çərçivəni formalaşdırır. Siyasi gücün mahiyyəti ilk növbədə dövlətin idarəetmə institutlarının səmərəliliyi, qərar qəbuletmə prosesinin çevikliyi, milli maraqları qorumaq və xarici təhdidlərə operativ reaksiya vermək qabiliyyəti ilə ölçülür. Azərbaycan Respublikasında siyasi gücün yüksək dayanıqlığı mövcud olan sabit, institusionallaşmış idarəetmə modeli, uzunmüddətli strateji planlaşdırma ənənəsi, milli həmrəyliyin qorunması və vahid liderlik fəlsəfəsi ilə sıx bağlıdır. Ölkədə formalaşmış siyasi idarəetmə mədəniyyəti dövlətin daxili sabitliyinin və davamlı modernləşmə siyasətinin təmin olunmasında həlledici rol oynayır. Bu kontekst yalnız siyasi qərarların qəbul olunması ilə məhdudlaşmır, həm də həmin qərarların effektiv icrası, cəmiyyətlə qarşılıqlı əlaqənin institusional səviyyədə qurulması və strateji resursların optimal idarə olunması ilə tamamlanır.

Azərbaycanın xarici siyasətdə həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xətt isə siyasi gücün çevik və adaptiv xarakterini açıq şəkildə ortaya qoyur. Ölkənin həm Qərb, həm də Şərq tərəfdaşları ilə praqmatik, qarşılıqlı faydalı münasibətlər qurması, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı və regional layihələrdə lider mövqeyi siyasi gücün qlobal müstəvidə səmərəli tətbiqinə nümunədir. Bu siyasət Azərbaycanın regional sabitlikdə aparıcı aktor kimi formalaşmasına, geosiyasi təşəbbüslərin mərkəzində yer almasına və Qafqazda strateji güc balansının formalaşdırılmasında həlledici rol oynamasına şərait yaradır.

2. İqtisadi güc
İqtisadi güc milli gücün maddi-istehsal platformasını formalaşdıran əsas komponentdir və dövlətin həm daxili inkişafını, həm də beynəlxalq sistemdə rəqabət qabiliyyətini müəyyən edən fundamental amillərdən biridir. Bu komponent yalnız mövcud təbii resursların həcmi və onların istismar səmərəliliyi ilə deyil, həm də sənaye, kənd təsərrüfatı, xidmət sektoru, maliyyə bazarları və innovasiya ekosisteminin inteqrasiya olunmuş fəaliyyət səviyyəsi ilə qiymətləndirilir. İqtisadi gücün real çəkisi dövlətin valyuta sabitliyi, makroiqtisadi idarəetmə bacarığı, xarici ticarət balansı, investisiya mühiti, biznes ekosistemi və strateji infrastruktur layihələrinin genişliyi ilə daha dəqiq şəkildə ortaya çıxır.

Azərbaycanın iqtisadi gücü uzun illər ərzində formalaşmış enerji siyasəti, inkişaf etmiş neft-qaz sənayesi və regional əhəmiyyətli logistika təşəbbüsləri hesabına möhkəm təmələ malikdir. “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr Azərbaycanın həm enerji təhlükəsizliyi təminatçısı, həm də mühüm nəqliyyat habı kimi mövqeyini möhkəmləndirir. Ələt Azad İqtisadi Zonası isə ölkənin qlobal ticarət və istehsal zəncirlərinə daha dərindən inteqrasiyasını təmin edən, xarici investorlar üçün əlverişli şərait yaradan müasir iqtisadi platformadır. Bu təşəbbüslər bütövlükdə Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirir və geoiqtisadi rolunu artırır.

Bununla yanaşı, Azərbaycanın son illər həyata keçirdiyi qeyri-neft sektorunun gücləndirilməsi siyasəti milli iqtisadiyatın strukturunda yeni keyfiyyət mərhələsi yaratmışdır. Aqrar sahədə modernizasiya, rəqəmsal texnologiyaların tətbiqi, su idarəçiliyi sistemlərinin yenilənməsi və ərzaq təhlükəsizliyi strategiyalarının təkmilləşdirilməsi uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasına xidmət edir. İnnovativ iqtisadiyyatın inkişafı, startap ekosisteminin formalaşdırılması, yüksək texnologiyalar parklarının yaradılması və rəqəmsal transformasiya proqramları isə iqtisadi gücün bilik yönümlü modelə keçidini sürətləndirir. Bu proseslər Azərbaycanın iqtisadiyyatının gələcəkdə daha davamlı, çevik və rəqabətqabiliyyətli olmasına zəmin yaradır.
Nəticə etibarilə, iqtisadi güc Azərbaycanın milli güc sistemində aparıcı rol oynayır: enerji resurslarından başlayaraq qeyri-neft sahələrinə qədər uzanan geniş diversifikasiya xətti ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirir və beynəlxalq əhəmiyyətini artırır. Dövlətin strateji təşəbbüsləri iqtisadi gücün həm regional, həm də qlobal miqyasda sabit və dayanıqlı şəkildə inkişafını təmin edən vacib mexanizmlər kimi çıxış edir.

3. Hərbi güc
Hərbi güc milli gücün ənənəvi və ən görünən tərkib hissəsidir. O, dövlətin müdafiə qabiliyyətini, texnoloji silahlanma səviyyəsini və hərbi-strateji düşüncəsini ifadə edir. Azərbaycanın müasir ordu modeli regional miqyasda nümunə kimi göstərilə bilər. 2020-ci il Vətən müharibəsində əldə edilən qələbə taktiki deyil, çox ciddi regional və qlobal nəticələr yaradaraq, strateji, texnoloji və psixoloji üstünlüyün göstəricisi oldu. Ordunun modernləşdirilməsi, yerli hərbi sənaye kompleksinin formalaşdırılması, yüksək dəqiqlikli silah sistemlərinin, pilotsuz uçuş aparatlarının və süni intellekt əsaslı idarəetmə texnologiyalarının geniş tətbiqi Azərbaycanın hərbi gücünü keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bu proses yalnız texniki yenilənmə ilə deyil, həm də kadr hazırlığının təkmilləşdirilməsi, əməliyyat planlaşdırmasının müasirləşdirilməsi və döyüş təcrübəsinin sistemləşdirilməsi ilə müşayiət olunur.Yerli istehsalın artması və beynəlxalq hərbi tərəfdaşlıqların genişlənməsi ölkənin müdafiə sisteminin həm texnoloji, həm də strateji müstəqilliyini möhkəmləndirir. Bunun nəticəsində Azərbaycan ordusu daha çevik, daha yüksək manevr qabiliyyətli və müasir döyüş tələblərinə uyğun struktura malik olmuşdur. Bununla yanaşı, hərbi güc təkcə texnika və silahlanma demək deyil. O, eyni zamanda xalqın milli iradəsinin, cəmiyyətin dövlətçilik ətrafında birliyinin və siyasi rəhbərliyin qərarlılığının birbaşa təzahürüdür. 2020-ci il Vətən müharibəsi bu reallığı açıq şəkildə nümayiş etdirdi: əldə olunan qələbə hərbi texnologiyaların üstünlüyü ilə yanaşı, milli həmrəyliyin, strateji liderliyin və yüksək mənəvi ruhun sintezinin nəticəsi idi. Bu mənada, Azərbaycanın hərbi gücü həm maddi-texniki, həm institusional, həm də mənəvi komponentlərin vəhdətindən formalaşan kompleks sistem kimi çıxış edir.

4. Sosial güc
Milli gücün sosial komponenti cəmiyyətin daxili həmrəyliyi, milli birliyi, vətəndaş məsuliyyəti və sosial sabitliyi ilə müəyyən olunur. Bu komponent dövlətin daxili dayanıqlığının, sosial davamlılığının və ümummilli məqsədlərə səfərbərlik qabiliyyətinin əsasını təşkil edir. Azərbaycanın sosial güc modeli multikulturalizm, dini tolerantlıq, müxtəlif etnik qrupların harmonik yaşayışı, ailə institutunun sabitliyi və genişmiqyaslı ictimai həmrəylik kimi dəyərlərə əsaslanır. Əhalinin təhsil səviyyəsinin yüksəlməsi, insan kapitalının inkişaf etdirilməsi, gənclərin dövlət siyasətinə və qərarqəbuletmə proseslərinə fəal şəkildə inteqrasiyası sosial gücün strukturunda xüsusi yer tutur. Son illərdə könüllülük hərəkatının genişlənməsi, sosial təşəbbüslərin təşviqi və gənclərin ictimai fəaliyyətə cəlb edilməsi milli həmrəyliyi gücləndirən mühüm amillərə çevrilmişdir. Eyni zamanda, sosial müdafiə proqramlarının əhatəliliyinin artması, aztəminatlı təbəqələrin sosial rifahının qorunması və regionlarda sosial infrastrukturun yenilənməsi sosial sabitliyi təmin edən vacib elementlərdir. Bu reallıq göstərir ki, güclü sosial struktur olmadan nə hərbi, nə də iqtisadi güc uzunmüddətli və davamlı ola bilər. Sosial kapital dövlətin strateji potensialının həm mənəvi, həm də intellektual bazasını təşkil edir. Bu baxımdan sosial komponent milli gücün “mənəvi sütunu” kimi çıxış edir və dövlətin milli iradə, birlik və inkişaf strategiyasını reallaşdırmaq qabiliyyətində həlledici rol oynayır.

5. Mədəni və mənəvi güc
Bu komponent “yumşaq güc” (soft power) anlayışı ilə sıx bağlıdır. O, ölkənin mədəni irsi, dəyərlər sistemi, humanitar diplomatiyası, cəmiyyətin açıq dünyagörüşü və beynəlxalq aləmdə formalaşdırdığı imic ilə müəyyən olunur. Mədəni güc dövlətin öz dəyərlərini zor tətbiq etmədən, cazibə və nüfuz vasitəsilə ötürmək qabiliyyətidir və müasir beynəlxalq münasibətlərdə strateji alət kimi çıxış edir. Azərbaycan mədəni gücünü musiqi, incəsənət, ədəbiyyat, memarlıq irsi, multikulturalizm ənənələri və tolerantlıq modeli vasitəsilə nümayiş etdirir. UNESCO tərəfindən qorunan muğam irsi, Azərbaycan xalçaçılıq məktəbi, Şuşanın mədəni paytaxt kimi dirçəldilməsi ölkənin mədəni simasının formalaşmasına mühüm töhfə verir. Bakı Humanitar Forumları, Avropa Oyunları, “Formula-1”, “Xarıbülbül” festivalları, həmçinin müxtəlif beynəlxalq sərgilər və mədəniyyət tədbirləri Azərbaycanın humanitar diplomatiya sahəsində nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu kontekstdə mədəni güc Azərbaycanın beynəlxalq səviyyədə “yumşaq nüfuz aləti” rolunu oynayır, dövlətin qlobal identikliyini möhkəmləndirir və ölkənin müasir, tolerant və dinamik imicinin formalaşmasına xidmət edir. Mədəni güc həm də Azərbaycanın xarici siyasətində tamamlayıcı funksiya daşıyaraq siyasi və iqtisadi maraqların daha səmərəli reallaşmasına şərait yaradır.

6. Elmi-texnoloji güc
Müasir dövrdə milli gücün dayanıqlığı birbaşa elmi-texnoloji potensiala bağlıdır. İnnovasiya, rəqəmsallaşma, texnologiyanın istehsal və ixrac qabiliyyəti artıq yalnız hərbi və iqtisadi gücdən deyil, həm də strateji mövqelərin formalaşdırılmasında əsas determinantlardan biridir. Texnologiyanın qabaqcıl səviyyəsi dövlətin beynəlxalq rəqabət qabiliyyətini artırır, iqtisadi və hərbi sistemlərin çevikliyini təmin edir və informasiya cəmiyyətinə keçidin əsasını qoyur. 

Azərbaycan son illərdə elmi-texnoloji gücünü möhkəmləndirmək üçün müxtəlif sahələrdə mühüm təşəbbüslər həyata keçirmişdir. Rəqəmsal iqtisadiyyatın inkişafı, “ağıllı kənd” və şəhər layihələrinin təşkili, startap ekosisteminin formalaşdırılması, innovativ enerji texnologiyalarının tətbiqi və yüksək texnologiyalar parklarının yaradılması bu prosesin əsas nümunələridir. Bu təşəbbüslər ölkənin texnoloji avtonomiyasını gücləndirir və milli iqtisadiyyatın dayanıqlığını artırır. Bununla belə, elmi-texnoloji gücün tam potensialla formalaşması üçün universitetlər, elmi tədqiqat institutları və biznes strukturları arasında daha sıx inteqrasiya və sinerji tələb olunur. Tədqiqat və innovasiya fəaliyyətlərinin praktik nəticələrlə birləşdirilməsi, elmi kadrların yetişdirilməsi və texnologiyaların kommersiyalaşdırılması dövlətin elmi-texnoloji üstünlüyünü davamlı təmin edən həlledici faktorlar hesab olunur. Bu baxımdan elmi-texnoloji komponent milli gücün gələcək inkişafı və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin qorunması üçün strateji əhəmiyyət daşıyır.

7. Aqrar güc
Aqrar güc milli gücün ən qədim, lakin bu gün üçün də ən həyati komponentlərindən biridir. O, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı məhsuldarlığı, torpaq və su resurslarından səmərəli istifadə, ixrac potensialı və əhalinin qida təminatı ilə birbaşa bağlıdır. Azərbaycan üçün aqrar sektor strateji əhəmiyyət daşıyır - ölkənin qida təhlükəsizliyini təmin edən, kənd əhalisini məşğul saxlayan və ixracda payı artan sahə kimi çıxış edir. 

Son illərdə dövlətin “Aqrar İnkişaf Strategiyası”, “Yaşıl İnkişaf Konsepsiyası” və “Ağıllı Kənd” təşəbbüsləri aqrar gücün müasir modelini formalaşdırır. Aqrar güc yalnız iqtisadi deyil, həm də sosial və mədəni dəyər daşıyır - kənd həyatının qorunması, ənənəvi biliklərin ötürülməsi və təbiətlə harmonik münasibətin bərpası milli kimliyin əsas tərkib hissəsidir.

Beləliklə, milli gücün komponentləri bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərən vahid sistem yaradır. Hər hansı bir komponentin zəifləməsi ümumi milli güc balansını pozur. Azərbaycanın qarşısında duran əsas vəzifə bu komponentlər arasında bərabər inkişaf dinamikasını təmin etmək və milli gücü davamlı, çevik və inteqrativ modelə çevirməkdir.

Milli gücün dinamik xarakteri
Milli güc statik bir göstərici deyil; o, daim dəyişən daxili və xarici amillərin təsiri altında dinamik bir sistem kimi inkişaf edir. Dövlətin gücü bir zaman kəsiyində sabit görünsə də, reallıqda o, iqtisadi, sosial, texnoloji, demoqrafik və geosiyasi dəyişikliklər nəticəsində fasiləsiz yenilənir. Bu xüsusiyyət milli gücün həm keyfiyyət, həm də kəmiyyət baxımından dəyişkən xarakterini ortaya qoyur.

1.    Dinamikanın nəzəri əsasları
Elmi ədəbiyyatda milli gücün dinamik təbiəti daha çox sistem yanaşması və kompleks qarşılıqlı təsir modeli ilə izah olunur. Alimlər qeyd edirlər ki, milli güc bir orqanizm kimi daxili enerji (resurslar, iradə, mədəniyyət) və xarici qarşılıqlı əlaqə (beynəlxalq münasibətlər, ticarət, təhlükəsizlik mühiti) arasında tarazlıq üzərində qurulub. Bu tarazlıq pozulduqda, milli güc ya azalır, ya da yeni şəraitə uyğun transformasiya olunur. İqtisadi böhran, siyasi qeyri-sabitlik və ya texnoloji gerilik milli gücü zəiflədə bilər, lakin elmi innovasiyalar, milli həmrəylik və effektiv idarəetmə onu sürətlə gücləndirə bilər.
Beləliklə, milli güc yalnız resursların mövcudluğu deyil, həm də bu resursların idarə olunma sürəti və çevikliyi ilə müəyyən olunur.

2. Zaman və çeviklik faktoru
Milli gücün dinamikliyini müəyyən edən əsas amillərdən biri zaman faktorudur. Müasir dünyada informasiya dövrü və texnoloji dəyişikliklər dövlətlərin güc balansını bir neçə il ərzində köklü şəkildə dəyişə bilər. Əgər XX əsrdə milli gücün əsas göstəriciləri enerji, sənaye və hərbi potensial idisə, XXI əsrdə bu sıralamaya informasiya texnologiyaları, süni intellekt, enerji müstəqilliyi və kibertəhlükəsizlik də əlavə olunmuşdur.
Azərbaycan nümunəsində bu dinamizmi 2000-2025-ci illər arasında aydın müşahidə etmək mümkündür. Əgər müstəqilliyin ilk illərində milli güc əsasən enerji resurslarına və geosiyasi mövqeyə əsaslanırdısa, hazırda ölkənin gücü həm iqtisadi sabitlik, həm diplomatik nüfuz, həm də mədəni və humanitar təsir kimi yeni elementlərlə formalaşır. Bu keçid Azərbaycan milli gücünün təkamülündə “resurs dövründən intellektual dövrə” transformasiyanı göstərir.

3. Milli gücün daxili dinamikası

Milli gücün dinamik xarakteri həm də onun daxili komponentləri arasında qarşılıqlı təsir vasitəsilə formalaşır. 
•    iqtisadi güc hərbi və sosial gücü təmin edir;
•    elmi-texnoloji güc iqtisadi rəqabət qabiliyyətini yüksəldir;
•    mədəni və mənəvi güc sosial həmrəyliyi möhkəmləndirir;
•    aqrar güc qida təhlükəsizliyi vasitəsilə milli sabitliyə töhfə verir.
Bu qarşılıqlı təsir dinamik sistemdə davamlı dövri əlaqə yaradır. Yəni milli güc yalnız “məcmu göstərici” deyil, həm də “daxili sinerji məhsulu”dur. 
     Azərbaycanın inkişaf modeli bu sinerjini konkret şəkildə nümayiş etdirir: enerji resurslarından əldə olunan gəlirlər sosial rifah və ordu quruculuğuna yönəldilir, bu isə öz növbəsində milli həmrəylik və dövlət sabitliyini gücləndirir.

4. Xarici mühitin təsiri    
Milli gücün dinamikliyini müəyyən edən digər vacib amil xarici mühitdir - yəni beynəlxalq siyasi, iqtisadi və təhlükəsizlik sistemidir. Qlobal enerji bazarındakı dəyişikliklər, beynəlxalq sanksiyalar, regional münaqişələr, iqlim dəyişiklikləri və texnoloji inqilablar dövlətlərin milli güc balansına birbaşa təsir göstərir. Azərbaycan kimi strateji mövqedə yerləşən ölkələr üçün bu dinamika həm risk, həm də fürsət yaradır. Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi qlobal enerji təhlükəsizliyində yeni mərhələ açaraq milli gücün beynəlxalq təsir radiusunu genişləndirmişdir. Eyni zamanda, iqlim dəyişiklikləri və su resurslarının azalması kimi çağırışlar aqrar gücün dinamikliyinə təsir edən yeni amillər kimi önə çıxır.

5. İrəliyə baxış: dayanıqlı milli güc modeli
Milli gücün dinamik xarakteri onu göstərir ki, dövlətin məqsədi yalnız mövcud gücü qorumaq deyil, həm də davamlı inkişaf edən və çevik reaksiya verən model qurmaq olmalıdır. 
Azərbaycan üçün bu modelin tədbiqi əhəmiyyəti aşağıda qeyd edilən prinsiplərə əsaslana bilər:
1.    İnteqrasiya - bütün güc komponentlərinin qarşılıqlı balansı;
2.    İnnovasiya - elmi və texnoloji tərəqqinin prioritetləşdirilməsi;
3.    Milli həmrəylik - sosial və mədəni gücün qorunması;
4.    Regional liderlik - iqtisadi və diplomatik təsirin artırılması;
5.    Yaşıl transformasiya - aqrar və enerji gücünün ekoloji əsaslarla birləşdirilməsi.

Bu prinsiplər milli gücü yalnız ölçülə bilən göstərici kimi deyil, həm də dövlətin inkişaf fəlsəfəsi kimi təqdim edir.    

Beləliklə, milli gücün dinamik xarakteri onu göstərir ki, o, statik resurs deyil, hərəkətdə olan enerji sistemidir. Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf mərhələləri bu dinamik modeli praktik olaraq sübut etmişdir: enerji resurslarından əldə edilən iqtisadi güc sosial sabitliyi təmin etmiş, sosial həmrəylik isə hərbi və siyasi üstünlüyə çevrilmişdir. Bu baxımdan, milli gücün dinamik idarə olunması Azərbaycanın güclü potebsiala malik ölkə olduğu üçün gələcək strateji sabitliyinin əsas təminatçısı olacaqdır.